Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Aralıq dənizi sahillərində Tartus şəhəri (Dəməşqdən 220 km məsafədə) və onun ətrafında keçmiş rejim tərəfdarlarını təqib edərkən həlak olublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə SANA agentliyinə ölkənin keçid hökumətinin daxili işlər naziri Məhəmməd Əbdül Rəhman məlumat verib.
“Tartus yaxınlığındakı ərazilərdən birində asayişin qorunması üzrə əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı ünsürlər tərəfindən təşkil edilən pusquya düşüblər. Nəticədə 14 döyüşçü həlak olub, 10-u yaralanıb”, – deyə o bildirib.
Daxili İşlər Nazirliyi rəisi vurğulayıb ki, hakimiyyət sabitliyin və vətəndaş sülhünün qorunması üçün səylərini əsirgəməyəcək.
“Biz Suriyanın və onun oğullarının təhlükəsizliyinə təcavüz edən hər kəsə dəmir əllə zərbə endirəcəyik”, – deyə Məhəmməd Əbdül Rəhman qeyd edib.
Xatırladaq ki, daha əvvəl Tartusda keçmiş rejimin yüksəkrütbəli zabitinin həbsi zamanı 9 təhlükəsizlik qüvvəsi həyatını itirmişdi.