ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Milad təbrikində Kanadanın Baş naziri Castin Trüdonu qubernator adlandırıb və bəyan edib ki, Kanada əraziləri ABŞ-nin 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq.
Oxu.Az-ın xəbərinə görə, o bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Kanada qubernatoru Castin Trüdonun Milad bayramı mübarək olsun. Onun vətəndaşlarına qoyulan vergilər olduqca yüksəkdir, lakin Kanada 51-ci ştat olarsa, o zaman onların vergiləri 60%-dən çox azalardı, bizneslərinin həcmi ikiqat artardı, özləri isə heç bir başqa ölkədə olmadığı kimi, qorunma altında olardılar”, – deyə Tramp bildirib.
Bundan əlavə, ABŞ-nin yeni seçilmiş prezidenti “Panama kanalını diqqətlə, lakin qeyri-qanuni şəkildə idarə edən gözəl Çin əsgərləri”nin də Milad bayramını təbrik edib.
Tramp, həmçinin Qrenlandiyaya xoşbəxt Milad bayramı arzu edib, hansı ki, onun sözlərinə görə, “milli təhlükəsizlik məqsədləri üçün ABŞ-yə lazımdır və öz torpağında ABŞ-nin mövcudluğunu istəyir”.
“Biz orada olacağıq”, – deyə Donald Tramp əlavə edib.
Xatırladaq ki, Tramp daha əvvəllər də Kanadanın ABŞ-nin 51-ci ştatı olmasını istəyini Baş nazir Castin Trüdo ilə görüşündə zarafat şəklində ifadə etmiş və hətta bununla bağlı öz səhifəsində paylaşım belə etmişdi.