“Şübhəsiz ki, AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına səbəb Qroznı aeroportu ərazisində Rusiya hava hücumundan müdafiə sistemlərinin (HHM) işləməsi olub. Bu səbəbdən Bakı Moskvanın hadisəyə görə məsuliyyəti öz üzərinə götürməsini və təzminat ödəməsini gözləyir”.
Oxu.Az “Tengrinews”a istinadən xəbər verir ki, bunu politoloq və Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov deyib.
“Bu dəhşətli fəlakətdən sonra bu gün heç bir şübhə yoxdur ki, bu, Qroznının hava limanı ərazisində Rusiya hava hücumundan müdafiə sistemlərinin işi ilə bağlıdır. Nişanalma zamanı identifikasiya xətasının olub-olmadığı və “Pantsir-S1” raketinin mülki təyyarəni Ukraynaya məxsus pilotsuz uçan obyekt hesab edib, ona birbaşa hücum edib-etmədiyi və ya partlayan raketin fraqmentlərinin təyyarəyə daxil olub, pilotsuz uçan aparatı məhv edib-etmədiyi qeyri-müəyyən olaraq qalır. Rusiya və Çeçenistandakı regional aviasiya üzrə səlahiyyətlilərin bu barədə məlumatlı olub-olmadıqlarını yalnız aşkar edilmiş “qara qutular”ın qeydlərini hərtərəfli öyrəndikdən sonra söyləmək olar”, – Dubnov bildirib.
Onun sözlərinə görə, quşların turbinə daxil olması ilə bağlı ilkin versiya əsassızdır, çünki bunu təkzib edən faktlar var.
“Faciədən sonra ilk saatlarda “Rosaviasiya” dispetçerlər və pilotlar arasındakı söhbətlərə istinad edərək, təyyarənin quş sürüsü ilə toqquşduğunu bildirib. Çox güman ki, pilotlar uçuş zamanı həqiqətən belə düşünüblər. Lakin təyyarənin fraqmentlərində tapılan füzelyaj və qanadlardakı çoxsaylı deşiklər “quş” versiyasını qəti şəkildə təkzib edir və xarici təsirdən xəbər verir”, – o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın Caliber.az internet portalının və “Euronews” agentliyinin AZAL təyyarəsinin qəzaya uğramasına səbəb kimi Rusiyanın HHM sisteminin işini qeyd edən Azərbaycan hökumətindəki mənbələrə istinadən dərc olunan məqalələr ciddi şəkildə sübut edir ki, rəsmi Bakı təyyarə qəzasının əsl səbəblərini üzə çıxarmağa çalışacaq.
“Bundan başqa, rəsmi Bakı Moskvanın baş verənlərə görə məsuliyyət daşıyacağını və müvafiq təzminat ödəyəcəyini gözləyir”, – Dubnov hesab edir.
Ekspert vurğulayıb ki, rəsmi Bakının insidentlə bağlı mövqeyi balanslı, diplomatik və çox prinsipial görünür.
“Ölkənin ləyaqəti və vətəndaşlarının həyatı pərdəarxası razılaşmaların mövzusu ola bilməz”, – o vurğulayıb.
Lakin Dubnovun fikrincə, baş verənlərə baxmayaraq, Azərbaycan və Rusiyanı ümumi geosiyasi maraqlar birləşdirdiyi üçün Bakı ilə Moskva arasında münasibətlər ciddi dəyişikliyə uğramayacaq.
Ekspert onu da xatırladıb ki, Rusiya və Azərbaycanın tarixində oxşar hadisə artıq baş verib. Belə ki, Azərbaycan 2020-ci ildə Ermənistanla sərhəddə Rusiya hərbi helikopterini səhvən vurub və nəticədə, iki rusiyalı pilot həlak olub. Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi üzr istəyərək, araşdırma aparacağını və günahkarları cəzalandıracağını vəd edib.