“Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi”.
“Report” xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Bakının “Gənclik” klubunun 13 yaşlı futbolçusu Məhəmmədəli Yeqanovun bibisi Zara İvanova vida mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
“Məhəmmədəli ilə sonuncu dəfə xeyli müddət əvvəl danışmışdım. Nəsə demək çox çətindir. Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi. Çox gözəl uşaq idi”, – deyə mərhumun yaxını söyləyib.
Qeyd edək ki, Məhəmmədəli Yeqanov Suraxanıda dəfn olunacaq.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.