Tokayev Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı iclas keçirdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı iclas keçirib.

Bu barədə Oxu.Az “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstan prezidenti bir daha həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

O xatırladıb ki, bir neçə gün əvvəl Mangistau vilayətində baş vermiş faciəli təyyarə qəzasının qurbanları arasında Qazaxıstan vətəndaşları da var. Tokayev vurğulayıb ki, fövqəladə hallar xidmətləri qəza zamanı koordinasiyalı şəkildə və operativ hərəkət ediblər.

“Biz qəzanın daha ciddi nəticələrinin qarşısını ala və çox sayda sayda insanın həyatını xilas edə bildik. Xilasetmə işləri yüksək səviyyədə həyata keçirilib. Hadisə ilə bağlı hərtərəfli məlumat operativ şəkildə ictimaiyyətə çatdırılıb. Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əllərini uzadıblar. İnsanlar qan vermək üçün növbəyə düzülürdülər. Bir çox soydaşımız Azərbaycan səfirliyinin binası önünə gül dəstələri qoyublar”, – deyə Tokayev bildirib.

O qeyd edib ki, qazaxıstanlıların faciəyə reaksiyası həm yerli, həm də xarici KİV-də geniş şəkildə işıqlandırılıb. Və bütün dünya qazaxıstanlı xilasedicilərin, həkimlərin və könüllülərin fədakar əməyinin şahidi olub. Qonşu dost ölkələrin – Azərbaycan, Rusiya, Qırğızıstanın vətəndaşları xüsusi minnətdarlıqlarını bildirirlər.

Tokayev hökumətə göstəriş verib ki, təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı şücaət və yüksək peşəkarlıq nümayiş etdirmiş vətəndaşlara dövlət mükafatları təqdim edilsin.

Qazaxıstan rəhbəri həmçinin Hökumət Komissiyasına tapşırıb ki, xəsarət almış əcnəbi vətəndaşlara bütün lazımi tibbi və psixoloji yardımın göstərilməsi təmin edilsin, o cümlədən həlak olan Qazaxıstan vətəndaşlarının yaxınlarına xüsusi diqqət yetirilsin.

“Hökumət Komissiyasına və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə təyyarə qəzasının hərtərəfli və obyektiv şəkildə araşdırılmasını təmin etmək tapşırılıb. Prezident informasiya təxribatlarının və saxtakarlıqların qarşısının alınmasının vacibliyini qeyd edib”, – deyə məlumatda bildirilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More