Abşeronda kişi arvadına xəsarət yetirdi

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Əfsər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ləmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Oxu.Az Demokrat.az-a istinadən məlumat verir ki, hadisə 20 sentyabr 2024-cü ildə baş verib. Əfsər həmin gün saat 22:30-da ailə üzvləri ilə birlikdə yaşadığı evin maddi tələblərini qarşılamadığına görə ona şifahi irad bildirən arvadı Ləmana əsəbiləşib.

O, həmin səbəbdən Ləman ilə ailə məişət zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə zamanı onun üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə baş, qol və bədəninin müxtəlif nahiyələrinə, habelə təpiklə ayaq nahiyələrinə ardıcıl zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Əfsərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ləman ilə 2008-ci ildə rəsmi olaraq qurduqları nikahdan iki övladı var: “Biz birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi yaşayış evində yaşayırıq. Əvvəlcə Ləmanla münasibətlərimiz normal olsa da, sonradan mənim başqa qadınlarla münasibətdə olmama görə aramızda tez-tez mübahisələr baş verib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 20-də, saat 22:30-da yaşadığı evdə olan zaman Ləman ondan evin kommunal xərclərini ödəmək üçün pul istəyib: “Həmin vaxt üzərimdə pulumun olmadığını dedikdə Ləman israrla mənim hər gün pul qazandığımı, lakin evə gətirmədiymi iradla söylədiyi üçün aramızda mübahisə baş verdi. Ləmanı sakitləşdirmək istəsəm də, buna nail ola bilmədiyimdən yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaqlarından bir neçə zərbə vuraraq ona xəsarətlər yetirdim. Daha sonra isə evdən getdim. Ləman bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Daha sonra isə Saray polis bölməsinə gedərək şikayət ərizəsi yazdı”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfsər barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More