Cənubi Koreyada prezident səlahiyyətlərini icra edən baş nazirin müavini Çxve San Mok hava limanında baş verən və azı 177 nəfərin həlak olduğu təyyarə qəzası ilə əlaqədar bir həftəlik matəm elan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər yayıb.
Bildirilir ki, matəm bu gündən yanvarın 5-i saat 00:00-dək davam edəcək.
Xatırladaq ki, bu gün Banqkokdan uçan “Jeju Air” aviaşirkətinin “Boeing 737” təyyarəsi Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayıb. Eniş zamanı təyyarə uçuş-eniş zolağından kənara çıxıb və beton maneəyə çırpılaraq partlayıb. Hava gəmisi demək olar ki, tamamilə məhv olub. Qəzanın ilkin səbəbi kimi quşlarla toqquşma nəticəsində şassi sisteminin sıradan çıxması göstərilib. Təyyarədə ümumilikdə 181 nəfər olub. Hadisə zamanı təyyarənin quyruq hissəsində olan bir neçə sərnişinin sağ qaldığı bildirilir.