Çinli alimlər heyrətamiz kəşf ediblər. Spesifik dadına görə çoxlarının xoşlamadığı acı qidalar sağlamlıq üçün çox faydalı ola bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc edilib.
Tədqiqatçıların sözlərinə görə, qoz-fındıq, qarabaşaq, qəhvə və digər qidalarda olan acı maddələr güclü iltihab əleyhinə təsirə malikdir, hipertoniya və diabet kimi ciddi xəstəliklərin qarşısını almağa kömək edir.
“Terapevtik təsirə malik acı maddələrə alkaloidlər, polifenollar, terpenoidlər və amin turşuları aiddir. Onlar təkcə acı qabaq və zəncirotu kimi ekzotik qidalarda deyil, həm də bizə tanış olan paxlalılar, qoz-fındıq, qarabaşaq və qəhvədə var. Orqanizmə düşəndə bu maddələr xüsusi “hTAS2Rs” reseptorlarını aktivləşdirir ki, bunlar təkcə acı dadın qəbuluna deyil, həm də hormonların sekresiyası, insulinə həssaslıq və immunitetin işi kimi mühüm hüceyrə proseslərini tənzimləyir”, – deyə məqalədə vurğulanıb.
Qeyd edilir ki, acı qidaların müntəzəm qəbulu hiperlipidemiya (qanda yağların yüksək səviyyəsi) və hiperqlikemiya (yüksək şəkər) kimi maddələr mübadiləsi pozğunluqlarının qarşısını almağa kömək edir.
“Bundan əlavə, acı maddələr hüceyrələri sərbəst radikalların zərərindən qoruyur, yaşlanma proseslərini yavaşladır və ürək-damar xəstəlikləri riskini azaldır. Acı qidaların daha bir üstünlüyü isə odur ki, mədə turşusu və öd ifrazını stimullaşdıraraq həzmi yaxşılaşdırır”, – deyə alimlər əlavə ediblər.
Tədqiqatçılar bildirirlər ki, acı maddələr, həmçinin yağların həzmini asanlaşdırır və iştahı nəzarətdə saxlamağa kömək edir, bu isə artıq çəkisi, həmçinin diabeti olan insanlar üçün xüsusilə faydalıdır.