İtaliyanın “Milan” klubunun baş məşqçisi Paulu Fonseka istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Sky Italia” nəşri məlumat yayıb.
“Bəli, doğrudur, mən “Milan”ı tərk etdim. Bu, həyatdır, amma vicdanım təmizdir, çünki əlimdən gələni etmişəm”, – deyə Paulu Fonseka vurğulayıb.
Artıq klubun yeni baş məşqçi olmağa ən real namizədin adı da açıqlanıb.
Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
O qeyd edib ki, yaxın saatlarda “Portu”nun sabiq baş məşqçisi Serxiu Konseysau “Milan”la müqaviləyə imza atacaq. 50 yaşlı portuqaliyalı mütəxəssislə 2026-cı ilə qədər “Milan”ın uğurları üçün çalışacaq.
Məlumat üçün əlavə edək ki, “Milan” İtaliya A Seriyasında 27 xalla səkkizinci pillədə qərarlaşıb. “Rossoneri”lər lider “Atalanta”dan 14 xal geridədir.