Cənubi Koreyanın Muan hava limanında baş vermiş və 179 nəfərin həyatına son qoymuş təyyarə qəzası faciə qurbanların sayına görə ölkədə qeydə alınmış ən böyük aviafəlakət olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2002-ci ildə Pekindən Pusana uçan Çinin “Air China” aviaşirkətinə məxsus “Boeing 767-2J6ER” sərnişin təyyarəsi eniş zamanı dağa çırpılıb və dağılıb. Təyyarədə olan 155 sərnişin və 11 ekipaj üzvündən 129 nəfər ölüb. 1993-cü ildə “Asiana” aviaşirkətinin təyyarəsi Henam bölgəsində qəzaya uğrayıb. O zaman 66 nəfər ölmüşdü.
Bundan başqa, Cənubi Koreya aviaşirkətlərininə məxsus təyyarələrin iştirakı ilə ən böyük qəzalar ölkə xaricində baş verib. Belə ki, itkilərin sayı baxımından ən böyük qəza 1983-cü ildə Cənubi Koreyanın “Korean Air” aviaşirkətinin “Boeing 747” təyyarəsi ilə SSRİ hava məkanında baş vermiş insident olaraq qalır. Həmin vaxt 269 nəfər ölmüşdü. 1997-ci ildə “Korean Air” aviaşirkətinə məxsus təyyarə ABŞ-nin Quam adasına enərkən qəzaya uğrayıb, 228 nəfər həlak olub. Muan hava limanında baş verən faciə qurbanların sayına görə üçüncüdür.
“Jeju Air” şirkətinin “Boeing 737-800” təyyarəsinin göyərtəsində 181 nəfər olub, onlardan ikisi sağ qalıb.