Hazırda Yerdə 5 ballıq şkala üzrə 4-cü sinif (G4) təyin edilmiş güclü maqnit fırtınası müşahidə olunur. Onun insanların, xüsusilə də meteohəssas və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə təsiri bir neçə gün hiss olunacaq.
Oxu.Az-ın Aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı terapevt və qastroenteroloq Konstantin Spaxov xəbərdarlıq edib.
Onun sözlərinə görə, maqnit fırtınaları zamanı fəsadlardan qaçmaq üçün bir sıra sadə, lakin effektiv qaydalara əməl etmək lazımdır:
“Birincisi, insan tam yuxusunu almalıdır, lazım gələrsə, gündüz yatmaq olar. Qəhvə, tünd çay və digər oyadıcı içkilərdən uzaq durmaq lazımdır. Həmçinin, həddindən artıq yemək olmaz, yüngül və sağlam qidaya üstünlük verilməlidir”, – deyə qastroenteroloq izah edib.
Həkim, həmçinin, narahatlıq və həyəcanı aradan qaldırmaq üçün bitki mənşəli sakitləşdirici vasitələri tövsiyə edib.
“Təmiz havada gəzinti maqnit fırtınalarının orqanizmə təsirini azaltmağa kömək edəcək. Başağrısı varsa, ancaq təzyiq yüksək deyilsə, ağrıkəsici qəbul etmək olar”, – deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
Yeri gəlmişkən, qeyd edək ki, G4 səviyyəsi təkcə insanlara təsir etmir, həmçinin, enerji sistemlərinin işində pozuntulara, məsələn, qoruyucu qurğularda yanlış həyəcan siqnallarına və yağ transformatorlarının həddindən artıq qızmasına səbəb ola bilər. Bundan əlavə, peyk və radio rabitəsində pozuntular müşahidə oluna bilər.