“Qazaxıstan Aviasiya Administrasiyası” Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsinin qəzaya uğramasından sonra aeroportların və təyyarələrin, həmçinin uçuş heyətlərinin ixtisasının planlaşdırılmamış yoxlamalarını keçirəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə respublikanın nəqliyyat nazirliyindən məlumat verilib.
Bildirililir ki, təkrar yoxlama Qazaxıstanın Baş naziri Oljas Bektenovun tapşırığına əsasən həyata keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Çin hökuməti də Azərbaycan Hava Yollarının (AZAL) və Cənubi Koreyanın “Jeju Air” şirkətinin təyyarələrinin qəzaya uğramasından sonra bütün ölkə ərazisində risklərin aradan qaldırılması üzrə əks-tədbirlər görüb. Ölkənin Mülki Aviasiya İdarəsi bütün ölkə üzrə hava limanlarında yoxlamalar təşkil edib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün uçuş-eniş zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən edilməsini təmin edib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.