ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Dövlət Departamentinin rəsmi nümayəndəsi postuna “Fox News” telekanalının qadın jurnalisti Temmi Bryusun namizədliyini irəli sürüb.
Oxu.Az-ın xəbərinə görə, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mənim üçün bunu elan etmək böyük şərəfdir ki, Temmi Bryus Dövlət Departamentinin nümayəndəsi kimi bizim dövlət katibliyinə möhtəşəm namizədimiz Marko Rubioya qoşulacaq”, – deyə Tramp bildirib.
Qeyd edək ki, yanvarın 3-dək Bryus “Fox News”un müxbiri vəzifəsində çalışıb. Trampın sözlərinə görə, Bryus hörmətli siyasi analitikdir, çünki solçu radikalların yalanlarını və saxtakarlıqlarını öz gözləri ilə görüb və iyirmi ildən çox müddətdə ABŞ xalqına həqiqəti çatdırıb.
“Mən bilirəm ki, o, yeni vəzifəsinə eyni inandırma gücünü və qorxmaz ruhu gətirəcək”, – deyə seçilmiş prezident əlavə edib.