“Bayramdan sonra bədənə yığılan toksinlərin əlamətləri müxtəlif şəkildə özünü göstərə bilər. Toksinlər orqanizmə, əsasən, qida (qatqı maddələri, pestisidlər), hava (ağır metallar, qazlar), su (kimyəvi çirkləndiricilər) və dərman preparatları vasitəsilə daxil olur”.
Oxu.Az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.
Onun sözlərinə görə, bədən bu zərərli maddələri təbii yollarla – qaraciyər, böyrəklər, dəri və həzm sistemi vasitəsilə xaric etməyə çalışır:
“Lakin toksinlərin miqdarı bədənin təmizlənmə qabiliyyətindən artıq olduqda müxtəlif sistemlərdə problemlər yarana bilər. Xroniki yorğunluq toksinlərin hüceyrələrdə enerji istehsalını zəiflətməsi ilə əlaqədardır. Xüsusən mitoxondrilərin funksiyası pozulduqda bədən enerjini bərpa edə bilmir. Bunun nəticəsində yorğunluq hissi hətta günün başlanğıcından özünü göstərə bilər. Bundan əlavə, bəzi toksinlər sinir sistemində neyrotransmitterlərin, məsələn, dopamin və serotonin balansını pozaraq diqqət çatışmazlığı və əhvalın düşməsi ilə nəticələnir.
Dərinin vəziyyətindəki problemlər, məsələn, sızanaqlar, qara nöqtələr və quruluq bədən toksinləri xaric edə bilmədikdə baş verir. Dəri bu prosesdə iştirak etməyə başlayır. Nəticədə qaraciyərin yükləndiyi hallarda sarılıq və ya iltihab əlamətləri də müşahidə edilə bilər. Həzm sistemində yaranan problemlər, məsələn, qarında şişkinlik, qaz və qəbizlik bağırsaq florasına təsir edən toksinlərin nəticəsidir. Ağır metallar bağırsaq bakteriyalarının balansını pozaraq, “disbioz” adlı vəziyyət yaradır. Bu da həzm prosesini zəiflədir və immunitetin azalmasına səbəb olur.
Başağrıları və zehni dumanlıq toksinlərin beyinə qan vasitəsilə keçərək neyrotoksik təsir göstərməsi ilə bağlıdır. Xüsusilə qurğuşun və civə kimi ağır metallar sinir hüceyrələrinin fəaliyyətini pozur. Bu da yaddaşın zəifləməsi və diqqətsizlik kimi əlamətlərə gətirib çıxarır. Ağızdan pis qoxu gəlməsi və ağızda acılıq qaraciyərin funksiyasının yüklənməsi ilə əlaqədardır. Qida parçalanması məhsulları qan dövranında qalaraq bu problemləri yaradır. Dil üzərində ağ və ya sarı təbəqə də buna işarədir”.
Mütəxəssis-ekspert qeyd edib ki, toksinlərin bədən yağlarında toplanması maddələr mübadiləsinin pozulmasına və artıq çəkinin yaranmasına səbəb ola bilər:
“Bəzi toksinlər, məsələn, ftalatlar hormon balansına təsir edərək piy toxumasının yığılmasını artırır. İmmunitetin zəifləməsi toksinlərin yaratdığı yükə cavab olaraq, orqanizmin enerjisini detoksikasiya prosesinə sərf etməsindən qaynaqlanır. Bu isə tez-tez soyuqdəymə, iltihab və allergik reaksiyalarla özünü göstərə bilər.
Bədəninizdə bu əlamətləri müşahidə etdikdə detoksikasiya prosesinə kömək etmək vacibdir. Toksinləri bədəndən atmaq üçün antioksidantlarla zəngin qidalardan istifadə etmək, bol su içmək, fiziki aktivliyi artırmaq tövsiyə olunur. Probiotiklər bağırsaq mikroflorasını bərpa etməyə kömək edir, yaşıl çay isə antioksidantlarla zəngin olduğu üçün toksinlərin atılmasını sürətləndirir. Uzunmüddətli simptomlar müşahidə olunarsa, nutrisioloq və ya həkimlə məsləhətləşmək vacibdir”.
E.Məmmədov sonda bildirib ki, sağlam qidalanma və aktiv həyat tərzi bədənin toksinlərdən müdafiə mexanizmini gücləndirir və ümumi sağlamlığı qorumağa kömək edir.