Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın sonunda ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla sülh danışıqlarına başlamağa hazır olduğunu bildirib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, Ukrayna lideri bu barədə ABŞ-li jurnalist Leks Fridmana müsahibəsində bildirib.
Eyni zamanda, Zelenski Tramp və Rusiya Prezidenti Vladimir Putinlə birlikdə üçlü şəkildə danışıqlar masasına oturmaqdan imtina edib.
“Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gün, siz sadəcə olaraq, 25 yanvar deyirsiniz, mən etiraz etmirəm. Həmin gün mənim doğum günümdür. Və biz ilk növbədə Trampla otururuq. Biz onunla razılaşırıq ki, müharibəni necə dayandıra bilərik, Putini necə dayandıra bilərik. Bizim onunla oturmağımız vacibdir. Bundan sonra artıq rusiyalılarla söhbət baş tuta bilər. Və məhz bu şəkildə, yoxsa birbaşa üçümüz otura bilmərik. Siz hələ mənimlə elə danışırsınız ki… Bilirsiniz necə? Sanki Putin artıq danışıqlar masasına oturmaq istəyir, amma Ukrayna istəmir. Bu belə deyil”, – deyə Zelenski qeyd edib.
Eyni zamanda, o vurğulayıb ki, növbəti mərhələ Avropa İttifaqı ilə nizamlanma üzrə danışıqlar olmalıdır və yalnız bundan sonra Rusiya ilə.
Həmçinin müsahibə zamanı Zelenski bildirib ki, Ukrayna gələcək hücumları dəf etmək üçün silahla təmin olunarsa, atəşkəslə razılaşacaq. O izah edib ki, silahların çatdırılmasında gecikmələrlə bağlı vəziyyətin təkrarlanmasını istəmir.