Yanvarın 6-da Beverli-Hillsdə (ABŞ) 82-ci dəfə “Qızıl Qlobus” mükafatı təqdim edilib. Tədbirdə film və serial aləmində son bir il ərzində ən uğurlu layihələr və onların iştirakçıları mükafatlandırılıblar. Laureatların taleyi 350-dən çox kino jurnalisti və tənqidçi tərəfindən həll edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, mükafat qazananlardan biri də fransalı rejissor Korali Farjeanın “The Substance” filmindəki roluna görə “musiqi və ya komediya janrında ən yaxşı aktrisa” adına layiq görülən Demi Mur olub.
“Qızıl Qlobus”u qəbul edərkən o, şok vəziyyətində olduğunu etiraf edib.
“Mən bununla uzun müddətdir – 45 ildən çoxdur məşğulam, amma ilk dəfədir ki, aktyor kimi mükafat alıram”, – deyə ulduz bildirib.
Sosial şəbəkələrdə ailəsinin Demi Murun “Qızıl Qlobus”dakı qələbəsinə reaksiyasının görüntüləri yayılıb. Kadrda onun qızlarının və başqa ailə üzvlərinin necə sevindikləri bir-birilərinə sarılmaları görünür.
Qeyd edək ki, “The Substance” filmində Demi Mur yaşlandığı üçün rəhbərlik tərəfindən istirahətə göndərilən məşhur televiziya aparıcısı rolunu oynayıb. Lakin o, unudulmağa hazır deyil və sirli bir preparat qəbul etməyə başlayır. Onun bədəni özünün yeni surətini yaradır, lakin ikinci gəncliyin əvəzi ağır olur.