Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibədə diqqətçəkən məqamlardan biri də ölkə başçısının Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı səsləndirdiyi fikirlərdir. Dövlət başçısı bildirib ki, 2024 iqtisadi inkişaf baxımından yenə də uğurlu il olub, Azərbaycanın iqtisadiyyatı inkişaf edib:
“Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni ümumi daxili məhsul dörd faizdən çox artıb. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, altı faizdən çox artıb. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, yeddi faizdən çoxdur. Yəni əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib”.
Prezidentin də dediyi kimi, əlbəttə ki, bütün bunların təməlində düşünülmüş siyasət dayanır. Bəs bu artım tempi ölkəmiz üçün nələr vəd edir? İqtisadiyyatımızın inkişaf dinamikasına regional, geosiyasi və geoiqtisadi aspektdən nəzər salsaq, bu, gələcək perspektivdə daha hansı uğurların təməl rolunu oynayacaq?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan son illər alternativ enerji mənbələrinə regionda ən çox investisiya yönəldən ölkələrdən biridir:
“Son illər yaşıl enerji istehsalına sərf edilən xarici investisiyanın həcmi bir milyard dollardan çox olub və Azərbaycan bu istiqamətdə həm körfəz ölkələrini təmsil edən şirkətlərlə, həm də bp, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi aparıcı qurumlarla əməkdaşlıq edir. Nəticədə 2024-cü ilin ilk 11 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faizdən çox artıb. Bu, sözügedən istiqamətə daha çox investisiya qoyuluşunun həyata keçirilməsi anlamına gəlir. Belə ki, bu müddətdə Azərbaycanda üç milyard 580 milyon kilovat-saat yaşıl enerji istehsal olunub. Bu da kifayət qədər artım dinamikası deməkdir”.
“Azərbaycan, bir tərəfdən, enerji keçidini təmin edir, digər tərəfdən isə ÜDM-də proqnozlaşdırılan artıma nail olunub, eyni zamanda, təbii ki, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılan həddə icrası təmin edilib. Nəzərə alsaq ki, büdcənin qeyri-neft gəlirlərində artımlar da müşahidə olunur, bu, xüsusən də büdcə gəlirlərinin dayanıqlılığı və fiskal diversifikasiya baxımından çox vacibdir. Bu kontekstdən Azərbaycan müasir çağırışlara uyğun olaraq, bir tərəfdən, həm enerji keçidini təmin edib, digər tərəfdən isə ÜDM və digər makroiqtisadi göstəricilərdə artım tempini qoruyub-saxlayıb. Bu isə təbii ki, makroiqtisadi stabillik baxımdan çox vacibdir”, – deyə deputat vurğulayıb.
Müsahibimiz iqtisadi inkişaf dinamikasını 2024-cü ilin ən vacib uğurlarından biri kimi qiymətləndirib:
“Həm müasir çağırışlara uyğun olaraq Azərbaycan iqtisadiyyatında enerji keçidinin bərpa edilməsi təmin edilib, həm də iqtisadi artım tempi qorunub-saxlanılıb. Xüsusən də işğaldan azad olunmuş ərazilərimizin bərpası, müdafiə qabiliyyətimizin gücləndirilməsi, sosial təminat tədbirlərinin genişləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsaitin ayrılması da təmin edilib”.
Mərahim Nəsib