Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Görüşdə çıxış edən Prezident bir sıra vacib məqamlara toxunub.
Azərbaycan Respublikasının Prezidenti vurğulayıb ki, Azərbaycan tərəfi hadisəyə ədalətli münasibət tələb tələb edir, həmçinin günahkarların cəzalandırılmasını istəyir.
Digər tərəfdən, İlham Əliyev Qroznıya uçan təyyarənin ekipajının təhlükə ilə əlaqədar niyə əvvəlcədən xəbərdar edilmədiyini soruşaraq, Rusiyanın dövlət qurumlarının heç bir əsası olmayan iddialarla məsələni ört-basdır etməyə çalışmasının təəccüblü və üzücü hal olduğunu vurğulayıb.
Çıxışı zamanı təyyarənin “qara qutuları”nın açılması prosesinə başlanıldığını deyən İlham Əliyev vurğulayıb ki, hələlik cinayət işinin bütün materiallarını açıqlamaq istəmir:
“Bununla belə, mən əminliklə deyə bilərəm ki, bu qəzada Azərbaycan vətəndaşlarının həlak olmasının günahı Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür. Biz onların cəzalandırılmasını istəyirik, biz tam şəffaflıq və humanist rəftar tələb edirik”, – deyə dövlət başçısı vurğulayıb.
Oxu.Az-a mövzu ilə bağlı şərh verən Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri professor Toğrul İsmayıl Azərbaycanın tamamilə haqlı olduğunu bildirib.
“Cənab İlham Əliyev təyyarə qəzası ilə bağlı son çıxışında hadisədən keçən müddət ərzində əldə edilən daha dəqiq məlumatlarla bütün məsələləri yenidən gündəmə gətirib və Azərbaycanın Rusiyadan tələblərini qətiyyətlə yeniləyib. Əlbəttə, burada mesajın daha sərt şəkildə verildiyini görürük. Dövlət başçısı Rusiyanın bu məsələlərlə bağlı səlahiyyətli orqanlarının birbaşa məsuliyyət daşıdığını və hadisənin fərqli, həqiqəti əks etdirməyən iddialarla ört-basdır edilməsi cəhdlərinin təəccüblü olduğunu vurğulayıb. Prezident İlham Əliyevin son çıxışında verdiyi mesajların ilk çıxışı ilə müqayisədə daha sərt və kəskin olması Vladimir Putinin üzr istəməsinin Azərbaycan dövləti üçün kifayət olmadığının göstəricisidir.
Rusiya dövlətinin gözləntilərdən uzaq hərəkət etməsi hadisənin belə bir məcraya girməsinin səbəbidir. Cənab Prezident tamamilə haqlıdır. Hava məkanı bağlanmır, mülki təyyarə xəbərdar edilmək əvəzinə vurulur, ardınca “Kavyor” rejimi tətbiq edilir, yaxında heç bir hava limanına enməsinə icazə verilmir və üstəlik, xüsusi radioelektron cihazlarla hərəkəti əngəllənir. Bunu edəndə sonra heç nə olmamış kimi davrana bilməzsən, “oldu və bitdi” deyə bilməzsən. Dünyada belə bir şey yoxdur. Özünə və xalqına hörmət edən bütün dövlətlər belə edərlər. Azərbaycan da bu kontekstdə davranış sərgiləyir. Haqq və hüquq Azərbaycanın tərəfindədir. Rusiya dövləti də məsuliyyət götürmək və günahkarları cəzalandırmaq məcburiyyətindədir. Bundan başqa yol yoxdur”.
Söhrab İsmayıl