“Brayton” və “Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter İngiltərənin “Vest Hem” futbol klubuna rəhbərlik edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.
Müqavilənin şərtləri açıqlanmayıb.
“Vest Hem”in hazırkı baş məşqçisi ispan Xulen Lopeteqinin oyunöncəsi çərşənbə günü keçirilməsi planlaşdırılan mətbuat konfransı ləğv edilib. Mənbənin məlumatına görə, komanda Potterin rəhbərliyi altında ilk oyunu yanvarın 10-da İngiltərə kubokunun 1/32 final mərhələsində “Aston Villa” ilə keçirə bilər.
Xatırladaq ki, 49 yaşlı Potter 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinə qədər “Çelsi”yə rəhbərlik edib.
“Vest Hem”ə gəlincə, klub 20 matçdan sonra 23 xalla İngiltərə çempionatının turnir cədvəlində 14-cü yerdədir. Komanda son iki matçda “Liverpul” (0:5) və “Mançester Siti”yə (1:4) uduzub.