Məşhur amerikalı aktrisa, sahibkar, model və müğənni Paris Hiltonun Malibudakı bağ evi Palisades bölgəsində (Kaliforniya ştatı) dağıdıcı yanğın nəticəsində tamamilə məhv olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə aktrisa özünün “Instagram” səhifəsində yazıb.
“Ailə ilə birlikdə oturub xəbərlərə baxmaq və Malibudakı evimizin canlı yayımda yanıb külə döndüyünü görmək heç kimin yaşamamalı olduğu hadisədir”, – deyə o bildirib.
Qeyd edək ki, bu ev onun əsas yaşayış yeri olmayıb.
Aktrisa ailəsi ilə birlikdə təhlükəsiz yerdə olduğunu və yanğından zərərçəkənlərin kədərini bölüşdüyünü bildirib.
Bundan başqa həmin ərazidə məşhur ulduz cütlük Leyton Mister və Adam Brodinin evi də dağıdıcı yanğın nəticəsində məhv olub.
Bu barədə “Page Six” məlumat yayıb.
Bildirilir ki, onların beş yataq otağı, altı hamam otağı və vaxtilə möhtəşəm okean mənzərəsi olan 6.5 milyon dollar dəyərindəki möhtəşəm malikanəsi təbii fəlakət nəticəsində xarabalığa çevrilib.
“İndi binadan yalnız yanmış divarlar qalıb, dam örtüyü isə tamamilə dağılıb”, – deyə məlumatda vurğulanıb.
Hazırda nə Leyton, nə də Adam baş verənlərlə bağlı rəsmi açıqlama verməyib. Cütlüyün nümayəndələri də hələlik jurnalistlərin sorğularını cavablandırmayıb.
Qeyd edək ki, yanğın Los-Ancelesdəki Hollivud təpələrində yerləşən və Amerikanın bütün kino sənayesinin vizit kartına çevrilən əfsanəvi Hollywood nişanına qədər çatıb.
Xatırladaq ki, bir gün əvvəl ABŞ-nin Los-Anceles şəhərini əhatə edən meşə yanğınları başlayıb. Təbii fəlakətlə əlaqədar 100 min nəfərdən çox insan təxliyə olunub. Azı iki nəfərin həlak olduğu bildirilir.