Kaliforniyada dəhşətli meşə yanğınları: Genişmiqyaslı fəlakət rejimi elan edildi

ABŞ Prezidenti Co Bayden Kaliforniyada tüğyan edən güclü yanğınlar səbəbindən ştatda genişmiqyaslı fəlakət rejimi elan edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ağ Evin saytında bəyan edilib.

Bildirilir ki, prezidentin qərarı ilə Los-Ancelesdə zərərçəkmiş şəxslərə maliyyə imkanları yaradılacaq.

“Zərərçəkənlər müvəqqəti yaşayış yerləri üçün və evlərinin təmirinə qrantlar ala, sığortalanmamış əmlakın zərərini ödəmək üçün aşağı faizli kreditlər götürə, həmçinin digər proqramlardan yararlana biləcəklər”, – deyə məlumatda vurğulanıb.

ABŞ-nin Los-Anceles dairəsində (Kaliforniya ştatı) baş verən yanğınlarda ölənlərin sayı beş nəfərə çatıb.

Oxu.Az-ın ABC telekanalına istinadla məlumatına görə, bu barədə regionun hüquq mühafizə orqanından bildirilib.

Kaliforniya Yanğın Xidməti yanğınların ümumi sahəsinin 10 min hektarı keçdiyini və daha da artmaqda davam etdiyi barədə xəbərdarlıq edib.

Alov 1000-dən çox binanı məhv edib. “AccuWeather” konsultasiya şirkətinin proqnozlarına görə, yanğından dəyən ziyan və iqtisadi itkilər 52 milyard dollardan 57 milyard dollara qədər təşkil edəcək.

Alovla təxminən 1.5 min yanğınsöndürən mübarizə aparır. Yerli hakimiyyət qonşu dairələrdən yanğınsöndürənlərin köməyini istəyib, həmçinin Vaşinqton, Oreqon və Nevada ştatlarından təcili yardım əməkdaşları göndərilib. Lakin üç yanğından heç birini hələ lokallaşdırmaq mümkün olmayıb. Yanğın ərazilərində güclü külək əsməsi ilə müşayiət olunan aşağı rütubət qalmaqdadır.

Xatırladaq ki, bir gün əvvəl ABŞ-nin Los-Anceles regionunda meşə yanğınları başlayıb. Təbii fəlakətlə əlaqədar təxminən 100 min insan təxliyə olunub. Məhv olan binalar arasında Hollivud ulduzlarının malikanələri də var, həmçinin “Hollywood” embleminin olduğu təpə də alovlar içindədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More