“Metapnevmovirusu yeni adlandırmaq olmaz, çünki bu, patogen kəskin respirator virus infeksiyalarına (KRVİ) səbəb olan digər viruslar arasında həmişə mövcud olub”.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı akademik Vitali Zverev bəyan edib.
“Bu virus bütün KRVİ arasında bəzi qiymətləndirmələrə görə 0.1%, digərlərinə görə 1% təşkil edir, lakin o həmişə olub, var və olacaq”, – deyə ekspert qeyd edib.
Akademikin sözlərinə görə, metapnevmovirus əsasən bir yaşdan kiçik uşaqlar üçün təhlükəlidir, çünki onlarda pnevmoniya ilə müşayiət oluna bilər.
“Xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlarda da xəstəlik ağır keçir”, – deyə mütəxəssis əlavə edib.
Zverev qeyd edib ki, yeni virusa qarşı simptomatik müalicədən başqa vasitə yoxdur.
Xatırladaq ki, COVID-19 pandemiyasından beş il sonra Çində yeni xəstəlik epidemiyası – insan metapnevmovirusu (HMPV) baş qaldırıb. Bu xəstəlik zəifləmiş pasiyentlərdə pnevmoniyaya çevrilə bilir. Çindən başqa artıq Qazaxıstan da yoluxma halları barədə məlumat verib – orada 30 xəstə aşkar edilib.