Azərbayanda yeni idarəçilik modeli: “Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır”

“Ölkəmizdə idarəetmə sistemində aparılan islahatlar özünün müsbət nəticələrini göstərməkdədir. Günün tələblərinə cavab verməyən köhnə strukturların ləğvi, yeni idarəçilik modelinin tətbiqi şəffaflığa, səmərəliliyə və dayanıqlılığa xidmət edir. İdarəetmənin yenilənməsi həm də sosial sifarişdir. XXI əsrdə köhnə modellə, vaxtı keçmiş idarəetmə ilə uğur əldə etmək mümkün deyil. Yeni idarəetmə modeli dövlət rəhbərliyinin proseslərə adekvat və operativ reaksiyasından xəbər verir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyev yanvarın 7-də ölkə telekanallarına müsahibəsində ölkəmizin yeni idarəçilik modeli ilə bağlı fikirlərini ictimaiyyətin diqqətinə çatdırıb:

“Ölkə başçısı bildirdi ki, son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlayıb. İdarə heyətləri yaradılıb, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edilib və beləliklə, dövlət şirkətlərindəki problemlər tam aradan qaldırılıb. Bəzi dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var. Əsas səbəb idarəetmədə olan qüsurlar və pozuntular idi. Buna son qoymaq üçün müvafiq qərar qəbul edildi. Zərərlə işləyən, hər dəfə dövlət büdcəsindən dotasiya alan “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC islahatlardan sonra gəlirlə işləməyə başladı. Göründüyü kimi, bu idarələr islahatlardan sonra daha səmərəli fəaliyyət göstərməyə başlayıb”.

Deputat əlavə edib ki, ASKON qurumunun yaradılması da məhz idarəetmədə effektivliyin artırılması, nəqliyyat sektorunu bir çətir altında birləşdirərək vahid platformadan idarə etmək məqsədi daşıyır:

“Şərq-Qərb nəqliyyat dəhlizini tariflərin tənzimlənməsi hesabına düzgün idarə etmək iqtisadi cəhətdən əhəmiyyətlidir. Logistik imkanlar düzgün dəyərləndirilməlidir. Daxili nəqliyyat sahəsində də islahatlar iqtisadi inkişafa xidmət edir. Prezidentin yeni yol layihələri, nəqliyyat sahəsində rəqəmsallaşma, avtobus parklarının elektrobuslarla əvəzlənməsi, yeni texnologiyaların sahəyə tətbiqi, 10 yeni metro stansiyasının tikiləcəyi haqda verdiyi məlumatlar paytaxtın nəqliyyat sıxlığının aradan qaldırılması üçün nəzərdə tutulmuş islahatlardır. Bu, onu göstərir ki, illər boyu şəhərin infrastrukturunun müasir tələblərə uyğun qurulması və daim yeni tələblərə uyğun yenilənməsi dövlətin diqqət mərkəzindədir və bu sahədə gözləntilərin reallaşması həm də müasir idarəetməni diktə edir. Əminik ki, bu islahatlar həm də Sumqayıtın inkişafına yeni imkanlar qatacaq. Azərbaycanda istehsal olunacaq ilk elektrik avtobusların məkanı da Sumqayıt sənayesinin payına düşəcək”.

“Ölkədə yeni idarəçilik modelinin tətbiqi bundan sonra da davam etdiriləcək. İqtisadi uğurların kökündə düzgün idarəçilik dayanır. Bu gün artıq Azərbaycanda bütün sahələrdə sağlamlaşma aparılır. Azərbaycanda struktur islahatlarının aparılması üçün siyasi iradə mövcuddur. Biz görürük ki, bu təşəbbüslər bir çox hallarda məhz cənab Prezident İlham Əliyevin özündən gəlir. Ölkə başçısının idarəetmədə həyata keçirdiyi islahatlar yerlərdə bəyənilir, təqdirəlayiq hal hesab edilir. Azərbaycanın icra strukturlarında idarəetmənin yeni modeli kimi xüsusi nümayəndəlik institutunun yaradılması da cəmiyyətdə böyük maraqla qarşılandı. Qarabağ və Şərqi Zəngəzur regionları üzrə xüsusi nümayəndələrin təyin olunması idarəçilikdə yenilik idi. İqtisadi sferada aparılan struktur islahatları da artıq öz müsbət nəticələrini göstərib. Dövlət büdcəmizin rekord həddə – 41 milyard manatdan çox olması həm də idarəçilik sahəsində aparılan islahatların nəticəsidir. Gücünü xalqdan alan liderin yeni idarəetmə modeli onun həyata keçirdiyi mütərəqqi islahatların tərkib hissəsidir. Bu islahatlar Azərbaycanın daha da güclənməsinə xidmət edir”, – deyə millət vəkili fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More