“Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır”.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri Srbui Qalyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bunu qurumun qarşısında dayanan prioritet məsələ kimi müəyyənləşdirib.
“İnsan hüquqlarının müdafiəsi strategiyası nöqteyi-nəzərindən, qarşımızda ayrı-seçkiliyin aradan qaldırılması üçün qanunvericiliyin hazırlanması dayanır ki, bu da əsasən, milli azlıqlara aiddir”, – deyə nazir vurğulayıb.
Baş nazir Nikol Paşinyan 2024-cü il yanvarın 18-də Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə bəyan edib ki, ölkənin hazırkı parlament idarəetmə formasını saxlamaqla, yeni konstitusiyaya ehtiyacı var. O bu konstitusiyanın qəbul edilməsinin zəruriliyini dünyada, regionda və Ermənistanın özündə baş verən dəyişikliklərlə izah edib. Həmçinin əlavə edib ki, ölkəyə “heç kəsin şübhə etmədiyi” konstitusiya lazımdır.
Qeyd edək, rəsmi Bakı bəyan etmişdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişikliklər etməli və oradakı Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır.
2024-cü il sentyabrın 27-də BMT Baş Assambleyasının iclasında Nikol Paşinyan Azərbaycanla sülh sazişinin bağlanması üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməsinin mümkünlüyünü açıqlamışdı.