“Ermənistan və Rusiyanın münasibətləri mürəkkəbdir, lakin dialoq davam edir və yaxın vaxtlarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri planlaşdırılır”.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov yekun mətbuat konfransında bildirib.
O qeyd edib ki, erməni həmkarı dəvəti qəbul edib.
Eyni zamanda, nazir Ermənistan hökumətinin Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı son qərarına toxunub və baş nazirin müavini Aleksey Overçukun Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Aİ üzvlüyünün bir araya sığmadığı fikri ilə razılaşıb.
“Bunlar iki fərqli sistem, fərqli azad ticarət zonalarıdır. Lakin bu, İrəvanın suveren hüququdur. Ancaq bütün lehinə və əleyhinə olan məqamları ölçüb-biçmək də Ermənistan hökumətinin məsuliyyətidir”, – deyə Lavrov bildirib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) danışan nazir xatırladıb ki, Ermənistan bu təşkilatın tədbirlərində iştirak etmir.