İsrail və HƏMAS Qəzza zolağında atəşkəsin dayandırılması ilə bağlı sazişin bağlanmasına yaxındırlar. Sazişin birinci mərhələsində anklavda hərəkat tərəfindən saxlanılan 33 girov azad ediləcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Bildirilir ki, birinci mərhələdə qadınlar, uşaqlar, 55 yaşdan yuxarı kişilər və xəstələr buraxılacaqlar. Mənbələr hesab edirlər ki, onların əksəriyyəti sağdır.
Müzakirə olunan sxemə əsasən, atəşkəsdən 16 gün sonra sazişin ikinci mərhələsinin müzakirəsi başlayacaq və bu mərhələdə qalan girovlar azad ediləcəklər.
Qeyd olunur ki, hələlik İsrailin sazişin birinci mərhələsində neçə fələstinli məhbusu azad edəcəyi barədə məlumat yoxdur. KİV-in məlumatına görə, İsrail tərəfi bu dövrdə təxminən 1 300 məhbusu həbsdən azad etməyə hazırdır.
“The Jerusalem Post” qəzetinin məlumatına görə, sazişin birinci mərhələsi 42 gün davam edəcək. Azad ediləcək fələstinli məhbusların sayı israilli girovların nə qədərinin sağ olmasından asılı olaraq dəyişəcək.
Xatırladaq ki, yanvarın 13-də Qətər İsrail və HƏMAS nümayəndələrinə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı yekun saziş layihəsini təqdim edib. Məlumata görə, Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı danışıqların əlavə raundu yanvarın 14-də səhər Dohada keçiriləcək.