Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya üzrə bölmə müdiri, epidemioloq köməkçisi Yaqut Abdullayeva qurumun baş həkimi Xalidə Hüseynovadan şikayətçidir.
Bu barədə o Oxu.Az-a danışıb.
Yaqut Abdullayeva iddia edir ki, mərkəzin baş həkimi Xalidə Hüseynova onun adından saxta hesabatlar hazırlayır:
“Mən 20 ildir burada işləyirəm. Baş həkim mənim adıma işlər görür, saxta hesabatlar tərtib edir, idarəni talayır. Mən özüm müraciət etmişəm ki, bu məsələ araşdırılsın. Adıma gətirilən dərmanların saxta hesabları hazırlanır, geriyə qalanı mənimsənilir. Kimyəvi maddələr, əlcək və s. gəlir. Bunlar dövlətin malıdır. Mənim adıma gələrək bunların talanması gələcəyim üçün təhlükə yaradır. Adımdan iş görülməsini istəmirəm, iş görülürüsə, dövlətin xəbəri olmalıdır. Mənim adımdan baş həkim 7 ayın saxta hesabatını baş idarəyə göndərib. Mənim istifadə etmədiyim məhsullar istifadə olunmuş kimi yazılıb. Bunu edirlərsə, öz adlarına etsinlər, mənim adımdan etməsinlər “.
O, haqsız yerə töhmət aldığını bildirib:
“Şikayəti edən mənəm. Mənim iştirakım olmadan müşavirə keçirilir. Şikayətçi olan tərəf kimi mənim iştirakım nəzərə alınmayıb. Hətta şöbə müdiri dura-dura mənə töhmət verilir. Hər biri barəsində bütün qurumlara şikayət etmişəm. Hətta əmək hüquqlarımın kobud şəkildə pozulmasına görə Əmək Müfəttişliyinə, yeyinti ilə bağlı Abşeron Rayon Prokurorluğuna şikayət etmişəm. Mənim şikayətlərimə qədər idarədə heç kim olmurdu. İstəyən işə gəlir, istəyən gəlmirdi. Müfəttişliyə verdiyim ərizəmi geri götürməm istənilirdi. Bu qədər vaxt keçib, amma müfəttişlik də mənə rəsmi cavab verməyib”.
Baş həkim Xalidə Hüseynova öz açıqlamasında qeyd edib ki, Yaqut Abdullayevanın söylədiyi iddialar əsassızdır:
“Bir ildir mən bura təyin edilmişəm. O, əvvəlki müdirlərdən də şikayət edirdi. Əvvəlkilər pis idi, indi mən də pisəm? O, bütün müdirlərin hamısı ilə qərəzli insandır. Xanım heç cürə dayanmır. Tabeliyində olan dezinfeksiya işlərini aparır. Bununla əlaqədar ocaqlarda dezinfeksiya tədbirləri görür. Bizdə ona deyildi ki, niyə xidməti maşınla getdin, UAZ avtomobili ilə gedə bilərsən. Bundan sonra küsdü o. Mənə də iftira atmağa başladı. Hara şikayət etmişdisə, bütün qurumlar gəlib məni yoxladılar. Mən özüm də baş idarədə oldum, dedim ki, gəlib yoxlama aparsınlar. Özümə güvənirəm, bilirəm ki, hər hansı yeyintim yoxdur. Gəldilər akt tərtib etdilər, onun öz şöbəsində nöqsanlar çıxdı. Hansısa ocaqlarda dezinfeksiya tədbirləri ilə əlaqədar anbardara müraciət edib. Anbardar da aktla ona dərmanlar verib. Həmin dərmanların hara işlədilməsi barədə aktlar, jurnalda qeydlər yoxdur”.
Baş həkim vurğulayır ki, Y.Abdullayeva iş rejimini pozur:
“Əvvəlki direktorlarla da eyni münasibətdə olub. Daima burada səs-küy yaradır, iş rejimini pozur. Bunu mən aktlaşdırmışam. Yoxlama nəticəsində onda çıxan nöqsanlara görə töhmət də vermişəm. Dedim ki, ən azından bundan sonra işini qaydasına qoyub işləyər. Müfəttişliyə də şikayət edilmişdi, gəlib yoxladılar, gördülər bütün sənədlərim qaydasındadır. Hər iddia o demək deyil ki, doğrudur. Heç vaxt dövlətə qarşı naxələflik etmərəm. 10-15 ildir bütün qurumlar xanımı tanıyır. Problemli insandır. Mən gedəcəm, bir başqası gələcək, ondan şikayət edəcək. İnsanları qoymurlar dövlətinə xidmət etsin, halal zəhməti ilə pulunu qazansın. Xanımın xasiyyəti budur”.
X.Hüseynova keçirilən iclasa Y.Abdullayevanın çağırılmama məsələsinə aydınlıq gətirib:
“Yoxlama keçirən qurum şura iclası keçirdi. Həmin şura iclasına kimi çağırdılar, o getdi. Xanım Epidemioloji şöbəyə tabedir, oranın da şöbə müdirini çağırdılar. Şöbə müdirinə tapşırıq verilib, həmin xanımın şöbəsinə ciddi nəzarət edir”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, Səhiyyə Nazirliyindən daxil olan şikayətlərlə əlaqədar RGEM-in sərəncamına əsasən Abşeron rayon GEM-də 2024-cü ilin dekabr ayında araşdırma aparılıb:
“Araşdırma zamanı aşkar olunan nöqsanlarla bağlı Mərkəzin direktor vəzifəsini icra edən Xalidə Hüseynovaya xəbərdarlıq edilib, şöbə və bölmələrdə olan nöqsanların aradan qaldırılması və tədbirlərin görülməsi üçün müddət verilib”.
Sözügedən məsələ barəsində Baş Prokurorluğa və Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlanıb.
Aygün Mirakif