Füzuli peşə məktəbinin həbsdə olan sabiq direktoru azadlığa buraxıldı

Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Oqtay Vəliyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin olunub, dövlət ittihamçısının isə apellyasiya protesti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilərək O.Vəliyevə şərti cəza verilib və azadlığa buraxılıb.

Rəsmi məlumata görə, 1 nömrəli Füzuli peşə məktəbində yol verilmiş qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı qeyd olunan təhsil müəssisəsinin direktoru Oqtay Vəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək dövlət büdcəsindən ayrılmış 119 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Oqtay Vəliyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi və məhkəmə iclas zalında dərhal həbs olunmuşdu.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More