Məğlub Ermənistan ordusu güc siyahısında necə irəliləyib?

“Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda ABŞ-nin “Global Firepower” (GFP) saytının “Dünyanın ən güclü orduları 2025” reytinq siyahısından bəhs olunub. Bildirilib ki, ümumilikdə 145 ölkənin analiz edildiyi 2025-ci il reytinq siyahısında ilk yerləri ABŞ, Rusiya və Çin tutur, qardaş Türkiyə ordusu isə 9-cu yerdə qərarlaşıb. “GFP-2025” reytinqində Azərbaycan Ordusu 60-cı sırada, Ermənistan isə 91-ci yerdə qərarlaşıb.

Bu, ötənilki ümumi göstəricidən Azərbaycan Ordusu üçün geriləmə, Ermənistan üçün irəliləmə kimi görünsə də, əslində, “Global Firepower” reytinqinin hesablanma texnologiyasına bələd olanlar bunun ordunun zəifləməsi anlamına gəlmədiyini yaxşı bilirlər. Məsələn, 2020-ci ildə ölkəmizin bu siyahıdakı yeri 64-cü, Ermənistanın isə 111-ci idi. Ordumuz 2021-ci ildə reytinq cədvəlində 64-cü yerində qalsa da, Ermənistan bu siyahıda geriləmək əvəzinə irəliləyərək 100-cü olmuşdu.

2022-ci ildə Azərbaycan 63, Ermənistan 97, 2023-cü ildə ölkəmiz 57-ci, Ermənistan isə daha 3 pillə irəliləyərək 94-cü olmuşdu. 2024-cü ildə antiterror əməliyyatında bir daha darmadağın edildikdən sonra Ermənistan Ordusu siyahıda geriləyərək 102-ci, Azərbaycan isə 59-cu olmuşdu.

“Global Firepower” saytının istənilən iki ölkənin gücünü müqayisə etmək imkanı yaradan funksiyasının köməyi ilə Azərbaycan və Ermənistan ordularının qarşılıqlı müqayisəsi də bir sıra maraqlı rəqəmləri üzə çıxarır. Ölkələrin aviasiya gücünün analizi bölməsində Azərbaycanın 154, Ermənistanın isə 71 hava vasitəsinə sahib olduğu göstərilir.

Bunlardan Azərbaycanın arsenalında 12, Ermənistanda isə 4 qırıcı təyyarə olduğu qeyd edilir. Bir sıra fərqli mənbələrdə Ordumuzun tank sayının 920, hətta 1 000-dən artıq olduğu da dəfələrlə göstərilib ki, bu da bəzi məqamlarda GFP-nin tam etibarlılığına şübhə yaradan məsələlərdəndir.

Beləliklə, etibarlılığı müəyyən qədər şübhə yaratmasına rəğmən, “Global Firepower 2025” reytinqi də istər 2020-ci il Vətən müharibəsində, istərsə də, 2023-cü ilin antiterror əməliyyatlarında öz gücünü real olaraq sübut etmiş Azərbaycan Ordusunun potensialının region səviyyəsindən çox yüksəkdə olduğunu və dünyanın bir sıra inkişaf etmiş ölkələrin orduları ilə müqayisə ediləcək səviyyəyə qalxdığını göstərir.

Ətraflı Baku TV-nin süjetində:

Məğlub Ermənistan ordusu güc siyahısında necə irəliləyib?





Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More