Turab Rzayev: “ABŞ ilə strateji razılaşma Ermənistanı hərbi rəqabət meydanına çevirə bilər”

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Bəs bunun Azərbaycanla sülh danışıqlarına hansı təsirləri olacaq? Rusiya buna necə reaksiya verəcək? Türkiyə ilə normallaşma prosesi baş tutacaqmı? ABŞ-ni özünə düşmən elan edən İran bu vəziyyətə necə reaksiya verəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən politoloq Turab Rzayev müqavilənin imzalanmasının səbəblərindən danışıb:

“Sazişin imzalanmasının iki əsas səbəbi var. Bayden administrasiyası hakimiyyəti Tramp və komandasına təhvil verməzdən əvvəl son addımlarını atır. Paşinyan administrasiyasının Qərb avantürası daha çox ABŞ və Makron administrasiyası tərəfindən dəstəklənir. Ermənistan hazırda müəyyən addımlar atır, Aİ üzvlüyünə yol açmağa çalışır. Başqa sözlə, İrəvan Qərblə inteqrasiyanı təmin etmək üçün müqavilə imzalayır. Çünki Tramp Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və buna görə də Tramp administrasiyası dövründə Ermənistanın təhlükəsizliyini təmin etməyə çalışırlar. İndi də Rusiya Aİ-yə üzvlük prosesi ilə bağlı Ermənistana təzyiq etməyə başlayıb. Bu baxımdan sözügedən strateji sazişin Ermənistan üçün qoruyucu sipər olacağını düşünürlər. Yəni qanun kontekstində və sahədə infrastruktur yaradırlar. İlk addım kimi ABŞ və Ermənistan arasında sərhəd təhlükəsizliyinə dair saziş imzalanıb”.

Politoloq bildirib ki, region ölkələrinin bu vəziyyətə reaksiyası çox vacibdir. Belə ki, Ermənistan siyasi və hərbi rəqabət meydanına çevrilə bilər:

“Yaxın günlərdə Ermənistana sərhəd təhlükəsizliyi təlimi verəcək xüsusi qrupun gələcəyi bildirilir. Əvvəllər Ermənistan administrasiyası rus əsgərlərinin İranla sərhəddən çıxarılmasını tələb edirdi. İndi isə Paşinyan administrasiyası sərhədə ABŞ-dən gələn xüsusi komanda yerləşdirəcək. Bundan sonra Türkiyə ilə sərhəddə də belə addımlar atılacaq. ABŞ-nin strateji razılaşmaları və qanunları ləğv etmək təcrübəsi çox azdır. Burada Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə, sərhədə nəzarət etməsinə qısqanclıqla yanaşan İranın münasibəti çox önəmlidir. Çünki Ermənistan İran sərhədində ABŞ əsgərlərini yerləşdirəcək. Digər tərəfdən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və Aİ-yə üzv olmaq istəyir. Bəs Rusiya buna necə cavab verəcək? Çünki Rusiyanın Ermənistanda hələ də 102 saylı böyük hərbi bazası var. Ukraynaya görə Rusiya sərt reaksiya verməyə bilər. Amma bu reaksiya mütləq özünü göstərəcək.

Azərbaycan Ermənistandan xarici qüvvələrin iki ölkənin sərhədlərindən çıxarılmasını və bunun sülh sazişinə salınmasını tələb edir. Görünür, Ermənistan bu tələbi yerinə yetirmək niyyətində deyil. Digər tərəfdən, ABŞ qoşunlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikası sərhədlərinə yerləşdirilməsi Türkiyə üçün də problem ola bilər. Amma deyə bilərik ki, atılan addımlarla Ermənistan özünü çox çətin vəziyyətə salıb. Nəticədə Ermənistan Rusiya ilə Qərb arasında siyasi, sonra isə hərbi rəqabət meydanına çevrilə bilər”.

Söhrab İsmayıl

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More