Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Paşinyanın Bakıya göndərdiyi Qərbi Azərbaycan təklifləri” adlı süjetdə Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibəsində Qərbi Azərbaycana qayıdış strategiyası ilə bağlı səsləndirdiyi fikirlərdən bəhs olunub.
Bildirilib ki, dövlət başçısının müsahibəsi əslində rəsmi Bakının 2025-ci ildə xarici siyasət prioritetlərinin elan edilməsi məqsədi daşıyır və bir daha məlum oldu ki, Qərbi Azərbaycana qayıdış əsas istiqamətlərdən biridir. Bundan sonra əsas prioritet tarixi torpaqlara qayıdış olacaq. Qərbi Azərbaycan məsələsi beynəlxalq leksikona və gündəliyə daxil edilib. Azərbaycan Ermənistan hakimiyyətindən azərbaycanlı qaçqınların qayıdışına şərait yaratmağı tələb edir. Qərbi Azərbaycan İcmasının nümayəndələri Paşinyanla danışıqlar aparmaq üçün İrəvana gedə bilərlər.
Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibəsində azərbaycanlıların qayıdışı ilə bağlı son nöqtəni qoydu və dedi ki, Azərbaycan dövləti bu hədəfindən geri addım atmayacaq. Dövlət başçısının sözlərindən aydın olur ki, qayıdış məsələsini gündəmdən çıxarması üçün Azərbaycana təkliflər edilir. Görünür, Ermənistan və havadarları rəsmi Bakının bu tələbdən imtina etməsini istəyirlər. Lakin Prezident qətiyyətli mövqeyini bir daha ortaya qoydu: “Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycanla bağlı ciddi proseslər gedir və tarixi dəyişikliklərin astanasındayıq: “Prezidentin müsahibəsindən sonra erməni baş nazir Nikol Paşinyanın təlaşlı açıqlamaları və Bakıya göndərdiyi qondarma “sülh təkliflərinin” böyük əksəriyyətini Qərbi Azərbaycana həsr etməsi diqqət çəkir. Ermənistanı narahat edən isə əslində Qərbi Azərbaycana qayıdışın reallığa çevrilməsidir.”
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: