O, Azərbaycanın kino salnaməsinə yeni səhifələr bəxş edib, milli kinomuzun tarixində həmişə sevilərək baxılan filmlər yadigar qoyub. Gənc kinematoqrafların yetişməsində mühüm rol oynayan “Debüt” studiyasını yaradıb. Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru kimi gənclərin yetişməsində böyük rol oynayıb. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının fəxri prezidenti kimi audiovizual müəlliflərin yaradıcı və sosial hüquqlarının qorunmasını təmin etmək üçün çalışıb.
Görkəmli kinorejissor Eldar Quliyev milli kino sahəsindəki xidmətlərinə görə ən yüksək dövlət təltiflərinə layiq görülüb. Sənət dostları üçünsə o, həmişə sadə, səmimi və qayğıkeş insan olub.
Həmkarları 18 yanvar- doğum günü ərəfəsində rejissoru böyük ehtiramla andılar.
Oxu.Az “Kaspi” qəzetinə istinadən mövzuya dair məqaləni təqdim edir:
“O, despot rejissor deyildi”
“Eldar Quliyev Azərbaycan kinosunda xüsusi xidmətləri olan rejissordur. Onun filmləri göz qabağındadır: tamaşaçı məhəbbəti, tamaşaçı marağı hər şeyi izah edir”- deyə Xalq artisti Rasim Balayev xatırlayır: “Mənim onunla ilk işim “Babək”də oldu. Eldar müəllimlə işləmək çox maraqlı idi. O, despot rejissor deyildi, aktyorla məsləhərləşirdi. Əgər aktyor onu öz variantına inandırırdısa, qəbul edirdi. O, aktyorlara, ümumiyyətlə çəkiliş meydançasındakı bütün insanlara böyük qayğı və diqqətlə yanaşırdı. Rejissor kimi nə istədiyini bildirirdi, biz də çalışırdıq ki, onun istədiyini yerinə yetirək. “Babək” filmi təkcə Eldar Quliyevə şöhrət gətirmədi, mənim və filmdə çəkilən digər aktyorun həyatında da böyük rol oynadı”.
“Eldar Quliyevi tez-tez yuxuda görürəm”
“Eldar Quliyevi tez-tez yuxuda görürəm. O, nəinki mənim, hamının ürəyində iz qoyub”, – deyə rejissorun filmlərinin ikinci rejissoru Akif Rüstəmov danışır: “O, bizim üçün həm qardaş, həm dost, həm müəllim idi. Böyük xoşbəxtlik oldu ki, Eldar Quliyev 1978-ci ildə məni “Babək” filminə dəvət etdi. Belə bir tarixi filmi çəkmək asan deyildi. Filmi Moskvada təhvil verəndə “Siz bu filmi necə çəkmisiniz?”- deyə məəttəl qaldılar. “Gərək “Mosfilm”in rejissorlarına da nümayiş etdirək, baxsınlar ki tarixi filmləri necə çəkmək lazımdır” dedilər. Film hər gün 3-4 seans olmaqla dalbadal doqquz gün kinoteatrda nümayiş olundu. “Babək” milyonlarla tamaşaçı topladı. Mən 25 il Eldar Quliyevlə birlikdə işlədim. O, hamımıza “siz mənim ailəmin üzvüsünüz” deyirdi”.
“Heç səni rolda tərifləyəndə belə sevinmirsən”
“Gəncədə – “Nizami” filminin çəkiliş meydanında Eldar müəllimin qızı ilə olan münasibətini görəndə gözüm yaşarmışdı”, – deyə Xalq artisti Həmidə Ömərova xatırlayır: “Bu, Eldar müəllimin gözündən qaçmadı. Mənə yaxınlaşaraq “nə oldu, obraz haqqında fikirləşirsən?” deyə soruşdu. Dedim ki, həm obraz haqqında düşünürəm, həm də yaxşı mənada həsəd aparıram ki, qızınızın sizin kimi atası var: istedadlı, qayğıkeş, mehriban… Eldar Quliyev çəkiliş meydanında hədsiz sərt idi, amma aktyorları elə səfərbər edirdi ki, obrazlarımızı daha yaxşı oynayırdıq. Onun gözəl insani keyfiyyətləri vardı. Kənardan baxanda uca dağ idi. Hamımız ətrafına yığışıb, balaca ulduzlar böyük bir günəşə baxan kimi ona baxırdıq”. H.Ömərova heç vaxt unutmadığı xatirəsini danışır: “Şəhərkənarı gəzinti” filmini adada çəkirdik. Filmin ikinci adı “Burulğan”dır. Biz adada ay yarım qaldıq və filmi ekstremal vəziyyətdə çəkdik. Səhər saat altıdan axşam səkkizədək çəkiliş meydanında idik. Bir gün nahar fasiləsində Eldar müəllim “bezdim bu yeməklərdən. Bilirsiniz könlümə nə düşdü? Kartof qızartması, həm də şit yağda” deyə bildirdi. Mən də kartof qızartdım. Eldar müəllim yedi və “bilmirəm adadandır, ya havadandır, ömrümdə belə dadlı kartof qızartması yeməmişdim” deyə təşəkkür etdi. Bu, mənim üçün böyük tərif idi, sevincdən uçurdum. Elə bil ki, rejissor mənim sənətkarlığımı qiymətləndirmişdi. O, sevincimi hiss edib “heç səni rolda tərifləyəndə belə sevinmirsən”, – deyə güldü. Eldar müəllim komandasına qarşı çox diqqətli və qayğıkeş olmağa çalışırdı. Xüsusən qadınlara münasibətində qeyri-adi dərəcədə nəzakətli idi. Biz ona “Azərbaycan kinosunun Alen Delonu” deyirdik. O, rejissor olmasaydı, çox yaxşı aktyor olardı”. H.Ömərova xatırlayır: “Sonuncu dəfə Eldar müəllimi bir tədbirdə gördüm. Çox qocalmışdı, əlində əsa vardı. Amma gözləri yenə gözəl idi: parıldayan, yaşamaq eşqi ilə canlanan, insana baxanda qəlbini oxuyan, dərin mənalı gözləri…”
“Onun yeri boş qalıb”
Kinoşünas Ayaz Salayev deyir ki, məhz E.Quliyevin sayəsində film çəkməyə başlayıb: “Moskvada oxuyanda məndə film çəkmək istəyi yarandı. Bakıya qayıdanda artıq Eldar müəllim “Debüt”ü açmışdı. Mənim bədii film çəkmək üçün ssenarim vardı, amma çox zəif idi. Eldar müəllim mənə Sara Tağıyeva haqqında sənədli film çəkməyi təklif etdi. Bu filmlə Sara xanım həmişəlik tarixdə qalıb. O filmi mən çəksəm də, Eldar müəllimin təşəbbüsü idi. Bunu heç vaxt yaddan çıxarmıram. Çox alicənab bir insan idi. Onun yeri boş qalıb. Bugünkü kinoda gedən prosesləri onunla müzakirə etməyə çox ehtiyac var…”
“İntellektual səviyyəli, milli ruhlu ziyalı”
Kinorejissor və aktyor Əbdül Mahmudov Eldar Quliyevi intellektual səviyyəli, milli ruhlu bir insanı kimi xatırlayır: “Kinomuzun həmişə belə ziyalılara ehtiyacı olub. Məhz belə rejissorlar kinomuzun incilərini yaradıblar”. Ə.Mahmudov deyir ki, E.Quliyevlə çəkiliş meydançasında olmaq böyük bir bayram idi: “Onunla işləyəndə evə getmək yada düşmürdü. Çəkiliş qrupunu elə səfərbər edirdi ki, kinodan başqa hər şeyi unudurdun. Təəssüf ki, bu gün kinomuzda Eldar Quliyev, Rasim Ocaqov, Həsən Seyidbəyli, Əlisəttar Atakişiyev kimi rejissorlar yoxdur!”