1990-cı ilin 20 yanvarında sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamın şahidlərindən biri də məşhur fotojurnalist Reza Deqatidir. Onun və türkəsilli Fransa vətəndaşı videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində mülki əhaliyə qarşı törədilən qırğın dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Fotojurnalist Reza Deqati Oxu.Az-a müsahibəsində bildirib ki, Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda o, bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollarla Bakıya üz tutub:
– Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün Moskvada baş tutacaq baleti çəkmək adı ilə həmkarlarımla birlikdə sovet vizası alaraq Moskvaya getdik. Moskvada “Rusiya” hotelində mənimlə birlikdə bir sıra xarici media nümayəndələri də var idi və onlar da Bakıdakı hadisəni eşidib, nə baş verdiyi ilə bağlı xəbər hazırlamaq istəyirdilər. Həmin vaxt Moskvada bir nəfər dövlət nümayəndəsi jurnalistlərə onları sabah Bakıya aparacağını bildirdi. Lakin sovet hökumətinin qırğın törətdiyi bir vaxtda onun jurnalistləri Bakıya aparması inandırıcı deyildi. Bunu Moskvadakı Azərbaycan nümayəndəliyinə bildirdim və onlar da mənimlə eyni fikirdə olduqlarını dedilər. Jurnalistlərin girişi qadağan olunduğu üçün azərbaycanlı tanışların köməyi sayəsində Bakıya yola düşdük. Qatarda gizlənərək, təhlükəni nəzərə alıb insanlarla lazımsız ünsiyyətlərdən qaçaraq 48 saatlıq yol qət etdik. Qatarda ilk işimiz isə “Ya po-russki ne znayu” (Mən rusca bilmirəm) və “Ya azerbaydjanets” (Mən azərbaycanlıyam) kimi bəzi rusca cümlələr öyrənmək idi. Çünki rus dili bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu, artıq son demək idi. Ona görə də yoxlanışa gələn nəzarətçilərə araq hədiyyə verirdilər ki, yoxlanış keçirməsinlər.
– Bəs Bakıya necə çatdınız? Hansı problemlərlə üzləşdiniz? Ümumiyyətlə, həmin ərəfədə şəhərdə ab-hava necə idi?
– Bu uzun səyahətdən sonra Bakıya çatanda gördüyüm mənzərə İkinci Dünya müharibəsi ilə bağlı çəkilən filmlərdəki səhnələri xatırladırdı. Qatar Bakıya çatdığı vaxt artıq Bakıda komendant saatına az qalmışdı və vağzalda sovet əsgərləri hər kəsi yoxlayırdılar. Küçədə gəzmək təhlükəli idi. Sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində saxta Azərbaycan pasportu ilə gəzmək isə ondan da təhlükəli idi. Açıq şəkildə gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Lakin həyatımı təhlükəyə atmaq bahasına olsa da, bunu etməli idim. Gizli şəkildə xəstəxanalara, morqlara gedərək, fərqli aspektlərdən – maşının içindən, binaların pəncərələrindən gördüyüm mənzərələrin fotolarını çəkdim.
– Sovet ordusu hətta izdihamı dağıtmaq üçün helikopterdən istifadə edib. Həmin anı necə xatırlayırsınız?
– Helikopterlər izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirirdilər. Həmin an artıq kadrları çəkib bitirmişdim. Təhlükəsizlik tədbirləri səbəbi ilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıtmağa məcbur olmuşdum. Daha sonra dostlarımın köməyi ilə onları əldə etdim və oradan da Parisə yola düşdüm.
– Fotoları necə və harada yayımladınız?
– Parisə çatdığım günün axşamı 18-dən çox televiziya kanalı mənim çəkdiyim fotoşəkilləri və dostumun lentə aldığı videoları yayımlayaraq Bakıdakı hadisələr barədə danışdı, onlarla radiostansiya 20 Yanvar faciəsi barədə məlumat yaydı. Bundan əlavə, mənim o zaman fəaliyyət göstərdiyim “Sipa Press” foto agentliyi çəkdiyim həmin fotoları 20 mindən çox media qurumuna göndərdi. Mənim və komandamın çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız “Qara Yanvar” nəinki unudulmur, bütün dünya mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.
– Bildiyim qədərilə bununla bağlı kitab da yazmısınız…
– Bəli. 20-ci əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş qırğınlardan bəhs edən, 2014-cü ildə isə ingilis və fransız dillərində nəşr olunan “Günahsızların qətliamı” (“Massacre of the Innocents”) kitabım “Qara Yanvar” haqqında dünya miqyasında çap olunan mühüm və dərin əhatəli yeganə nəşrdir. Kitabda 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il 26 fevralda Xocalıda törədilən soyqırımı zamanı çəkdiyim fotolar, həmçinin dünyanın müxtəlif ölkələrində qanlı tariximizin tanıdılması ilə bağlı keçirilən tədbirlər, qaçqın və məcburi köçkün ailələrinin həyatını əks etdirən fotoşəkillər də yer alıb.
Mərahim Nəsib