Azərbaycanda yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinə HÖKM OXUNDU

Tovuz rayonunun Əyyublu kəndində 3 il əvvəl fərdi yaşayış evindən 2800 manat nağd pul və ümumi dəyəri 500.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlayan şəxslərə hökm oxunub.

Oxu.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 2021-ci ilin dekabr ayında oğurluğu törətməkdə şübhəli bilinən Əyyublu kənd sakinləri – Nemət Abbasov, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıblar.

Aparılan araşdırma zamanı müəyyənləşib ki, cinayətin həyata keçirilməsi üçün maneələri aradan qaldıran şəxs zərərçəkmiş Ceyhunun bacısı oğlu Elşad Cəfərov olub.

Elşad Cəfərov ifadəsində bildirib ki, dayısı Ceyhunun evindən oğurluq etmək barədə əvvəlcədən Zaur Əliyev və Nemət Abbasov tərəfindən plan qurulub. Sonra Elşad Cəfərov Zaurun oğurluq təklifi ilə razılaşıb. O, dayısı və onun həyat yoldaşı Könülün başqa yerdə olduqlarını əvvəlcədən bilib və onların övladları Elməddini öz yanına dəvət edərək cinayətkar qrupa evin boş olması barədə məlumat verib.

Nəticədə təqsirləndirilən şəxslər evə daxil olaraq, yataq otağından ümumi dəyəri 376460 min manat olan içi qızılla dolu əl çantasını götürüb Bakıya qaçıblar. Həmçinin evdən 2800 manat nağd pulu da oğurlayıblar.

Cinayətkarlar qızılları əridərək külçə halında Bakıda satıblar və pulunu aralarında bölüblər. Nemət Abbasov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev əldə etdikləri pulla özlərinə avtomobil alıb, qalan pulları isə digər ehtiyaclarına xərcləyiblər.

Təqsirləndirilən şəxslər zərərçəkmiş Ceyhunun bacısı oğlu Elşad Cəfərova 34 min manat “zəhmət haqqı” veriblər. Qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq törədən dəstə üzvləri əldə etdikləri pulların 30 min manatını kazinoda uduzublar.

Üç il ərzində aparılan araşdırma zamanı təqsirləndirilən şəxslər zərərçəkmişə dəyən zərərin əksər hissəsini qaytarıblar.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli biliniblər. Zaur Əliyev 6 il 6 ay, Nemət Abbasov 6 il 11 bir ay 3 gün, Elşad Cəfərov 5 il 10 ay 25 gün, Asif Məmmədov 5 il 10 ay 27 gün, Elvin Mirzəyev 4 il 5 ay 20 gün, Anar Abbasov 3 il 4 ay 25 gün müddətinə həbs ediliblər. Onların həbs müddəti 15 avqust 2024-cü il tarixindən hesablanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More