“Xalqımızın şərəf və ləyaqəti 20 Yanvar Şəhidləri hesabına qorundu”.
Bu sözləri Oxu.Az-a 20 Yanvar Şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.
O bildirib ki, 20 Yanvar hadisəsi ölkənin şərəf və ləyaqət məsələsi idi:
“35 ildir bu hadisə olub. Bu, bizim ölkəmizin şərəf məsələsi idi. İmperiya bizim xalqa qarşı bu faciəni törətdi. Xalqımız bu faciədən öz şərəf və ləyaqətini qoruyaraq çıxıb. Bunların hamısı şəhidlərimizin hesabına olub. Onlar öz canı-qanı bahasına xalqımızın şərəf və ləyaqətini qorudu”.
Qardaşından danışan Elxan Allahverdiyev qeyd edib ki, İlham şəhid olduqdan sonra şəhidlikdən doğan sevgi günü yarandı:
“Hadisələr zamanı mənim qardaşım da şəhid oldu. Şəhidlikdən doğan bir sevgi günü yarandı. İlham ilə Fərizə şərəfinə yaranmış bu günü xalq da böyük hörmətlə qarşıladı. İlham çox yaxşı oğlan idi. Vətənpərvər idi. Hər adam da kimdənsə ötəri canından keçmir. İlham necə oğul idisə, Fərizə onun yolunda həyatına son qoydu”.
O, xatırladığı hadisələrdən birini bizimlə bölüşüb:
“Yığıncaqların birində biz də orada idik. Fərizənin şəkil məsələsi gündəmdə idi. Bəxtiyar Vahabzadə orada çıxış edib dedi ki, ən böyük şəhid Fərizədir. O, bunu göz yaşları içərisində danışırdı. Qardaşım şəhid oldu, Fərizə onu daha da ucaltdı. Danışa bilmirəm, çox çətinlik çəkirəm… (ah çəkir)”.
Elxan Allahverdiyev gözü önündə baş verən hadisələrdən danışaraq vurğulayıb ki, fəxrlə xidmət etdikləri ordu xalqa qənim kəsilmişdi:
“Bütün hadisələr gözümün qabağında olub. Bir hadisəni danışım. Barrikadanı dörd tank Biləcəri tərəfdən yardı. İndiki Alov Zavodunun yanında 06 markalı bir maşın hərəkət etdi. Həmin yerdə bir boru var idi. Maşın ona dirənib qaldı. Sürücü maşından düşüb qaçmaqla özünü güclə xilas etdi. 4 tankın dördü də həmin maşının üzərindən keçərək, atəş açmağa başladı. Güllənin biri də mənim yanımdakı yoldaşlardan birinə dəydi. Onun qolunu yandırıb keçdi. Biz inanmırdıq onun qolu yana. Deyirdik, rezin güllədir, bir qolunda deşik açılar yəqin. Lakin baxanda gördük ki, necə yandırıbsa, qolunun piy qatı dəridən çölə çıxıb. Belə çətin günlərdən keçmişik. Fəxrlə xidmət etdiyimiz ordu əzazillik ilə bizə qarşı qənim kəsilərək, xalqımızı gülləbaran etdi. Qadına, qıza aman verilmirdi. Hətta Semyonov soyadlı şəhid var, onu bıçaq ilə deşik-deşik etmişdilər (ağlayır)”.
Aygün Mirakif