“Maqnit qasırğaları tac kütləsinin atılması və ya Günəşdə partlayışlar nəticəsində yaranır. Hazırda biz 25-ci Günəş siklindəyik ki, bu, 2019-cu ilin dekabrında başlayıb. 25-ci Günəş siklinin aktivliyinin 2025-ci ildə pik nöqtəsinə çatması gözlənilir ki, bu zaman günəşdə 115-ə qədər ləkə əmələ gələ bilər”.
Oxu.Az-ın xəbərinə görə, bunu Gazeta.ru-ya Rusiya Texnologiya Universiteti Moskva Radiotexnika, Elektronika və Avtomatika İnstitutunun (RTU MİREA) Nanoelektronika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Aleksey Yurasov danışıb.
“Bütün bunlar, təbii ki, proqnozlardır, çünki Günəş sikllərinin uzunluğu orta hesabla 10-12 ildir. Ləkələr daha aşağı temperatura və sıxlığa malik ərazilərdir ki, bunlar güclü maqnit sahələrinin fotosferə atılması nəticəsində əmələ gəlir”, – deyə o bildirib.
Alimin sözlərinə görə, Günəş ləkələrinin çoxalması, adətən, Günəş aktivliyinin artması, o cümlədən Günəşdə partlayışlar və tac kütlələrinin atılması ilə müşayiət olunur. Bu hadisələr Yerdə maqnit qasırğalarına gətirib çıxara bilər ki, bu da elektronikanın, peyklərin və rabitə sistemlərinin işinə təsir göstərə bilər.
“Buna tarixi nümunə kimi 1989-cu ildə Kanadada elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olan və milyonlarla insanı bir neçə saat ərzində işıqsız qoyan geomaqnit qasırğasını göstərmək olar. Bütün sistemlərin bir-birinə bağlı olduğu müasir şəraitdə belə hadisələr daha ciddi nəticələrə səbəb ola bilər”, – deyə Aleksey Yurasov xəbərdarlıq edib.
Geomaqnit fırtınaları, xüsusilə həssas elektron cihazlar və naviqasiya sistemləri üçün əlavə problemlər yarada bilər. Məsələn, GPS sistemləri müvəqqəti olaraq dəqiqliyini itirə bilər ki, bu da aviasiya və dəniz nəqliyyatı üçün kritik əhəmiyyət kəsb edir.
Bundan əlavə, geomaqnit qasırğaları peyk rabitəsi və televiziya yayımına da təsir göstərə bilər. Yüksək Günəş aktivliyi dövrlərində peyklərin işində problemlər yarana bilər ki, bu da məlumat və televiziya siqnallarının ötürülməsində müvəqqəti fasilələrlə nəticələnə bilər. Bu, xüsusilə peyk rabitəsinin əsas rabitə vasitəsi olduğu regionlar üçün aktualdır.
“Qeyd edim ki, müasir texnologiyalar və mühəndis həlləri geomaqnit qasırğalarının təsirini minimuma endirməyə kömək edir. Məsələn, elektrik şəbəkələrində xüsusi filtrlər və stabilizatorlardan istifadə olunur ki, bu da induksiya cərəyanlarının təsirini azaldır”, – deyə Yurasov əlavə edib.