ABŞ Prezidenti Donald Tramp ötən gün 2021-ci ilin yanvarında Kapitoli binasına basqın edən 1500 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat verib.
“Ümid edirik ki, onlar bu gün (20 yanvar) azadlığa çıxacaqlar. Düzünü desək, onlar bunu gözləyirlər. Təxminən 1.5 min nəfər”, – deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, 6 yanvar 2021-ci ildə ABŞ-nin ovaxtkı prezidenti Trampın tərəfdarları 2020-ci ilin noyabrında keçirilən prezident seçkisinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün ABŞ Konqresinin binasına basqın ediblər. Qeyd edək ki, seçkidə demokrat Co Bayden qalib gəlmişdi. Bina daxilində iğtişaşlar zamanı polis bir etirazçı qadını güllələyərək öldürmüşdü. Bundan əlavə, bir-biri ilə əlaqəli olmayan daha bir neçə nəfərin ölüm halı qeydə alınmışdı. Toqquşmalardan sonra Kapitoli polisinin əməkdaşı ölmüşdü.
Qeyd edək ki, Donald Tramp yanvarın 20-də yenidən ABŞ Administrasiyasının rəhbəri vəzifəsini icra etməyə başlayıb.