Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür

Yanvarın 21-i Azərbaycanın Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.

Oxu.Az xatırladır ki, bəstəkar 1924-cü ildə Şəkidə dünyaya göz açıb.

Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışmışdı. Anası Züleyxa xanım isə evdar qadın idi.

Şəfiqə Axundova Bakıdakı 173 saylı məktəbdə, eyni zamanda musiqi məktəbində oxuyub. O, sənət taleyinin uğurlu olmasını bacısı Zümrüdün adı ilə bağlayırdı. Zümrüd Axundova böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları tez-tez qonaq olurdular. Bu zaman bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşırardı.

Şəfiqə Axundova İncəsənət idarəsinin rəisi, yazıçı Mirzə İbrahimov və həyat yoldaşı Sara xanımın vasitəçiliyi ilə Üzeyir Hacıbəyovla görüşür. Üzeyir Hacıbəyov ona musiqi təhsili almağı tövsiyə edir və Hacı Xanməmmədovun tar sinfinə göndərir. Bir ildən sonra Şəfiqə Ağabacı Rzayevadan tarın sirlərini öyrənir. Beləliklə, Şəfiqə Axundovanın uğurlu təhsil yolu Üzeyir bəyin xeyir-duası ilə 1941-ci ildən başlayır. O, həmçinin, Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsini öyrənir.

1943-44-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirir. Qeyd edək ki, Leninqrad Konservatoriyasının görkəmli professoru Zeydmanı Bakıya məhz Üzeyir bəy dəvət etmişdi.

Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların (“Leyla”, “Bəxtiyar ellər” və s.), “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün “Aydın”, “Əlvida, Hindistan!”, “Nə üçün yaşayırsan?” və s. tamaşaların, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaqla kifayətlənməyib, mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub.

Ş.Axundova 26 il – 1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışıb.

Şəfiqə Axundova 1998-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

O, 2013-cü il iyulun 26-sı vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

2024-cü ildə Xalq artisti haqqında “Şərqin nəğməkar qızı” sənədli filmi çəkilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More