“İİTKM-in nəzdində fəaliyyət göstərən “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Türk Dünyası Araşdırmalar Mərkəzi də 2024-cü ildə bir çox yeniliklərə imza atıb”.
Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə xidmət edən “Azexport” portalının Türkiyə, Rusiya və Özbəkistanın müvafiq olaraq “Trendyol”, “Ozon”, “Uzum” platformalarına inteqrasiyası reallaşdırılıb:
“2024-cü ildə “Azexport” ixracatçılara 61 ədəd Sərbəst Satış Sertifikatı (Certificate of Free Sale) təqdim edib. “Enterprise Azerbaijan” portalı ABŞ-nin Nevada Universiteti, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə regionun ən böyük startap məktəbi layihəsini həyata keçirib. Layihəyə müraciət edən 121 startap arasından beynəlxalq ekspertlərin seçdiyi 41 ən yaxşı komandaya ABŞ, Almaniya, İngiltərə, CAR, Türkiyə, Rusiya və Azərbaycandan olan mentorlar tərəfindən təlimlər keçirilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2024-cü il ərzində hüquqi və fiziki şəxslərdən 1 747 müraciət daxil olub. Ümumilikdə 3 982 ədəd sertifikat verilib, 288,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib”.
Mərahim Nəsib