Cənubi Koreyanın yüksəkvəzifəli məmurlarının korrupsiya ilə mübarizə idarəsi ölkə prezidenti Yun Sok Yolun işi üzrə istintaqı başa çatdırıb.
Oxu.Az-ın “Bloomberg”ə istinadla verdiyi məlumata görə, bu barədə istintaq idarəsinin rəis müavini Li Ce Son jurnalistlərə açıqlamasında bildirib.
Müstəntiqlər prokurorluqdan dövlət başçısına qarşı qiyam ittihamı irəli sürməyi xahiş ediblər.
“Biz qərara gəldik ki, ittiham irəli sürüb-sürməmək qərarı verməli olan prokurorluq üçün bu iş üzrə həqiqəti müəyyən etmək üçün hazırda toplanmış materialları hərtərəfli öyrənmək və lazım gələrsə, əlavə istintaq aparmaq daha səmərəli olacaq”, – deyə o əlavə edib.
Qeyd olunur ki, Yun Sok Yol hərbi vəziyyətin tətbiqində onun rolu ilə bağlı istintaq qrupunun suallarından yayınıb. Prezident istintaqın əsaslılığını şübhə altına alaraq, hərbi vəziyyətin tətbiqinin onun konstitusion səlahiyyətləri çərçivəsində olduğunu iddia edib.
Xatırladaq ki, yanvarın 15-də Koreya Respublikasının prezidenti həbs edilib. O, hərbi vəziyyətlə bağlı hadisələrə görə qiyamçıların lideri kimi üsyanın təşkilində şübhəli bilinir. Azadlıqdan məhrumetmə 48 saatlıq müddətə hesablanıb. Lakin yanvarın 16-da prezidentin vəkilləri həbsin qanuniliyinə etiraz etməyə cəhd göstəriblər və bu səbəbdən müddət 10 saat 32 dəqiqə uzadılıb. Yüksək vəzifəli şəxslərlə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsi müddətin bitməsinə ən azı 3 saat qalmış order üçün müraciət edib.
Qeyd edək ki, ölkə tarixində ilk dəfədir ki, fəaliyyətdə olan dövlət başçısı həbs edilib. Dekabrın 14-də parlament hərbi vəziyyətlə bağlı hadisələrə görə ona qarşı impiçment elan edib. Ancaq Konstitusiya Məhkəməsinin qərarına qədər onun səlahiyyətləri dayandırılmış hesab olunur.