Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi – “SAKPATENTİ”nin sədr müavini xanım Tika Nebieridze “Basqalı” rəqsinə və “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısına olan hüquqların Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulması ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyinə məktub ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, Tika Nebieridze Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinə oktyabrın 21-də ünvanladığı məktubuna cavab olaraq bu ölkədə yayımlanan televiziya kanallarında musiqi əsərlərinə dair hüquqların pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib.
Məktubda ilk olaraq Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi arasında əməkdaşlıq münasibətlərini möhkəmləndirmək və müvafiq hüquqi məsələləri müzakirə etmək məqsədilə yeni addımların atılmalı olduğu bildirilib.
Məktubda qeyd olunur ki, “SAKPATENTİ” Gürcüstanda əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edən müstəqil qurum olaraq, beynəlxalq müqavilələr və sazişlər çərçivəsində fəaliyyətini davam etdirir. Bu məqsədlə Azərbaycan və Gürcüstan arasında 2009-cu ildə imzalanmış əməkdaşlıq sazişi və 2017-ci ildə imzalanmış memorandum əsasında qarşılıqlı faydalı əməkdaşlıq fəaliyyətlərinə dair təkliflər irəli sürülüb.
Həmçinin, “SAKPATENTİ” müəllif hüquqları və əlaqəli hüquqların qorunması üçün Gürcüstanın qanunvericiliyi ilə təmin edilən mexanizmlər və hüquqi vasitələr haqqında məlumatlar təqdim edərək, tərəfdaşları ilə hüquqi əməkdaşlıq və təcrübə mübadiləsini genişləndirməyi hədəfləyir. Bu çərçivədə əqli mülkiyyət hüquqlarının pozulması hallarına qarşı müvafiq tədbirlərin görülməsi və pozulmuş hüquqların bərpası istiqamətində işlər davam etdirilir.
T.Nebieridze qeyd edib ki, “SAKPATENTİ” hüquq pozuntuları ilə bağlı daha ətraflı hüquqi məlumat və vasitələr təqdim etməklə yanaşı, bu cür pozuntuların qarşısının alınması və hüquqların bərpası üçün tədbirlərin görülməsi məqsədilə müvafiq televiziya kanallarına müraciət edib, məsələyə dair hərtərəfli araşdırma və cavab məktubu gözləyir. Əlavə olaraq, bu məsələyə dair məhkəmə və hüquqi mexanizmlərin də daha geniş şəkildə tətbiq olunacağı xüsusi vurğulanıb.
Sədr müavini bildirib ki, “SAKPATENTİ” bu məsələyə dair təhlil və cavabları diqqətlə izləyəcək, hüquqi mübahisələrin həlli üçün lazımi tədbirləri görməyə davam edəcək.