Gəncədə fəaliyyət göstərən “Şans” Tibb Mərkəzində çalışan mama-ginekoloq Yeganə Əliyeva ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi bildirib ki, həkimin qəbuluna yazılmaq üçün öncədən ödəniş tələb olunur.
Oxu.Az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün həkimin qəbul nömrəsi ilə əlaqə saxlayıb və məlum olub ki, təyin olunmuş növbəni təsdiqləmək üçün bank kartına 70 manat ödəniş edərək çekin şəklini göndərmək lazımdır.
Qəbula yazılmaq istəyən pasiyentlərdən öncədən ödəniş tələb edilməsinin səbəbini aydınlaşdırmaq üçün Oxu.Az həkimin köməkçisi ilə əlaqə saxlayıb. O, öncədən ödəniş tələb edilməsini qəbula yazılanların uzun növbələrdə qalmaq istəmədikləri ilə əlaqələndirib:
“Bizim pasiyentlərin çoxu Gədəbəy, Şəki, Qazax rayonlarından gəlirlər. Onlar xahiş edirdilər ki, qəbula qeydiyyatı onlayn formada aparaq. Mən bir neçə gündür, onlayn qəbulun dayandırıldığını paylaşmışam, pasiyentlər çıxılmaz vəziyyətdə qalıblar. Çünki xəstəxanaya gələrək növbə alanda gec olur. Adamlar özləri narazılıq edirlər ki, uzaq yol gəlirlər, qayıtmaq çətin olur. Buna görə pasiyentlər israr edirlər ki, öncədən ödəniş edərək növbə alsınlar”.
Həkimin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
“Şans” Tibb Mərkəzinin Gəncə filialından isə Oxu.Az-a bildirildi ki, həkim qəbulu ancaq canlı növbə şəklində həyata keçirilir:
“Klinikamızda öncədən ödəniş qəbul edilmir. “İnstagram” səhifəmizə də yazılıb – növbə almaq istəyənlərə bildiririk ki, ancaq klinikaya gələrək növbə götürə bilərlər”.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən isə bildirilib ki, sözügedən hal araşdırılacaq.
Qanunvericiliyə əsasən, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000, ikinci dəfə 3 000, üç dəfə və daha çox yol verildikdə isə 6 000 manat həddində maliyyə sanksiyaları tətbiq olunur.
Aytac Qasımova