İbtidai sinif üçün ingilis dili dərslikləri çox çətindir – Valideyn NARAZILIĞI

Son günlər valideynlər arasında ibtidai siniflərdə istifadə olunan ingilis dili dərslikləri ilə bağlı ciddi narazılıqlar müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Bir çox valideyn hesab edir ki, hazırki dərsliklər aşağı yaş qrupları üçün həddindən artıq çətindir və şagirdlərin ingilis dilini mənimsəməsinə əngəl törədir.

“Azərbaycan məktəbi üçün ingilis dili dərsliyi ingilis məktəbi üçün olan ingilis dili dərsliyi ilə eyni olmamalıdır. Kimdir bu Encila Lianas, Libbi Uilyams (dərslik müəllifləri-red.)? İngilis məktəbi üçün ingilis dili dərsliyi başqadır, Azərbaycan məktəbi üçün ingilis dili dərsliyi başqa. Doğma dilin öz tədrisi metodikası olmalıdır, əcnəbi dil kimi keçilən fənnin də öz tədris metodikası olmalıdır”, – deyə paylaşımda bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutundan Oxu.az-a bildirildi ki, dünya təcrübəsində dilin tədrisi şagird kontingenti baxımından üç səviyyədə nəzərdə tutulur.

“Məlum olduğu kimi, xarici dillər bir neçə kateqoriyada tədris olunur:

– Tədris dili kimi. Bu, dilin daşıyıcılarının öyrəndikləri ən yüksək səviyyədir.

– Əsas xarici dil kimi. Məsələn, doğma dili Azərbaycan dili olan şagirdlərin öyrəndikləri xarici dil. Bu, ingilis dili, alman dili, fransız dili və s. ola bilər.

– İkinci xarici dil kimi. Məsələn, Azərbaycan dilində tədris alan və əsas xarici dili ingilis dili olan şagirdlər ikinci xarici dil olaraq alman, ərəb və s. dilləri seçə bilərlər”, – deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, dilin tədrisi üzrə ixtisaslaşmış hər bir nəşriyyat hər üç kateqoriya üçün dərsliklər hazırlayır.

“Macmillan” nəşriyyatı dünyada ingilis dilinin tədrisi üzrə ixtisaslaşmış ən nüfuzlu nəşriyyatlardan biri kimi hər üç kateqoriya üzrə bir neçə dərslik hazırlayıb.

İbtidai siniflər üçün “Macmillan” nəşriyyatının hazırladığı “Happy Campers” seriyalı dərslik xətti dünyanın 20-dən çox ölkəsində əsas xarici dil dərsliyi kimi geniş istifadə olunur. Həftəlik dərs saatlarının sayı, təqdim olunan materialların səviyyəsi və komplektə daxil olan resurslar baxımından, “Happy Campers” seriyasının kitabları bizim təhsil sisteminə daha uyğundur.

Bu dərslik komplektləri 2018-ci ildən etibarən təhsil sistemimiz üçün adaptasiya edilib. Bundan sonra hər bir sinif üzrə bir il sınaqdan keçirilib, müəllim, valideyn və şagird rəyləri əsasında təkmilləşdirilib və kütləvi istifadəyə verilib. Hazırda Azərbaycanın bütün məktəblərində istifadə olunan bu dərslik komplekti müəllim, valideyn, şagird və mütəxəssislər tərəfindən razılıqla qarşılanır”, – deyə açıqlamada bildirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More