Prokuror kapitan üçün yüngül cəzaya etiraz etdi – Gözlənilməz qərar çıxdı

Dövlətdən 14 ay əsassız kirayə pulu aldığı üçün güzəştli şərtlərlə min manat cərimələnən kapitanın cəzası ləğv edilib.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

Kapitan İlham Elyasov hərbi məktəbdə müəllim işləyib. İttihama görə, o, 14 ay atasının evində qala-qala kirayədə yaşağıdını bildirib. Bu müddətdə dövlətdən 3 min 765 manat pul alıb.

Kapitana qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilsə də, Bakı Hərbi Məhkəməsi onun əməlini eyni maddənin daha yüngül bəndinə tövsif edib.

İ.Elyasov həmin maddə ilə 1000 manat cərimə cəzasına məhkum edilib.

Amma prokuror verilmiş cəzadan razı qalmayıb. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza həddən artıq yüngüldür. Bu da cinayət qanununun ədalət prinsipinə ziddir.

Kapitan isə dövlətə dəymiş ziyanı tam ödəsə belə, bəraət almaq üçün apellyasiya şikayəti verib.

Protest və şikayət yuxarı instansiyada hakim Zamin İbrahimovun sədrliyi ilə araşdırılıb.

Hakimlər iş materialları ilə tanış olduqdan sonra İ.Elyasovun təqsirli bilindiyi maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin (böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz – red.) keçdiyini müəyyən ediblər. Belə olan halda nə prokurorun, nə də təqsirləndirilən şəxsin tələbi qəbul edilib.

Qərara əsasən, kapitan Elyasovun min manat cərimə cəzası ləğv edilib, cəzadan azad olunub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More