“ABŞ-dən Ermənistana gömrük və sərhəd nəzarəti qrupunun gəlməsi Ermənistanda sərhəd nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır, bu və ya digər ölkə ilə münasibətlərin hər hansı konkret həssas aspektləri ilə əlaqəli deyil”.
Oxu.Az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, bu sözləri jurnalistlərlə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
O qeyd edib ki, Ermənistan tərəfi bu məsələni İranla müzakirə edib və heç bir narahatlıq ifadə olunmayıb.
“Mən İran tərəfi ilə razılığa gələ bilməyəcəyimiz heç bir məsələ görmürəm, bizim münasibətlərimiz görünməmiş dərəcədə yüksək səviyyədədir”, – deyə o bildirib.
“Biz, nəhayət, öz sərhədimizə nəzarət etməliyik”, – deyə Paruyr Ovannisyan qeyd edib.
O, “Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən kənara çıxarılması mümkündürmü?” sualını da cavablayıb.
“Əlbəttə, ideal dünyada hər bir ölkə öz sərhədinə özü nəzarət etməyi bacarmalıdır”, – deyə Ovannisyan bildirib.