Səudiyyə Ərəbistanı “Oskar”, “Qızıl Qlobus” və “Qremmi” mükafatları laureatı olan alman bəstəkar Hans Zimmerlə milli himnin yeni musiqi versiyasının yaradılması barədə danışıqlar aparır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Əyləncə üzrə Baş İdarəsinin sədri Turki Al əş-Şeyx özünün “X” hesabında xəbər verib.
İdarə rəhbəri əfsanəvi bəstəkarla fotosunu paylaşaraq onu dövrümüzün ən böyük musiqiçilərindən biri adlandırıb.
“Biz tezliklə işıq üzü görəcəyinə ümid etdiyim gələcək layihələri geniş müzakirə etdik. Onların arasında müxtəlif alətlərdən istifadə ediləcək Səudiyyə milli himninin yeni musiqi redaksiyasının yaradılması da var”, – deyə o yazıb.
Turki Al əş-Şeyx, həmçinin bildirib ki, Zimmer krallığın mədəni irsi ilə ilhamlanmış “Ərəbistan” adlı orijinal musiqi əsərinin yaradılmasına da cəlb edilə bilər.
Bundan əlavə, bəstəkarın Səudiyyənin çəkməyi planlaşdırdığı “Yərmuk döyüşü”nün saundtrekinin yaradılmasında iştirak edəcəyi ilə bağlı ehtimallar var.