Gəncədə bir ildir çökən yolda təmir işləri aparılır

“Gəncə şəhəri Gülüstan yaşayış massivi, Aydın Nəbiyev küçəsində çökmüş yolun asfalt örtüyünün bərpa edilməsi istiqamətində işlər aparılır”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

“Sözügedən ərazidə bir müddət əvvəl “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində içməli su və çirkab su xətləri yenilənib. İşlər yekunlaşdıqdan sonra isə yol asfaltlanıb. Lakin daha sonra asfalt yolda çökmə olub”, – deyə məlumatda qeyd edilib.

Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Aydın Nəbiyev küçəsində yol çöküb. Vətəndaşlar bir ilə yaxındır ki, yolun təmir edilməməsindən şikayətçidirlər.

Bununla bağlı Oxu.Az-a müraciət edən sakinlər bildirirlər ki, yol bir il bundan əvvəl kanalizasiya xətti çəkilməsi üçün qazılıb. Daha sonra isə təmir edilməyib. Sakinlərin sözlərinə görə, bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb.

“Şikayətimizdən sonra yola torpaq tökdülər. Lakin yağış yağdı və yol bundan sonra daha da çökdü. İndi yolda işarə və işıqlandırma olmadığı üçün tez-tez qəza olur. Bizə deyirlər, 15-20 günə yol təmir olunacaq, amma inanmırıq”.

Məsələ ilə bağlı ADSEA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazi ilə bağlı sukanal idarəsi məlumatlıdır:

“Mövcud məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə də müraciət olunub. Yolda asfalt örtüyü yenilənəcək”.

Qeyd edək ki, mövcud problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanlanıb.

Aləmdə Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More