Amerika Birləşmiş Ştatlarında Respublikaçılar Partiyasının nümayəndəsi Donald Trampın prezident seçilməsi ilə dünyada bir çox tarazlıqların dəyişəcəyi barədə söhbətlər hələ bu seçkidən xeyli əvvəl gündəmin əsas mövzularından idi. İnaqurasiya mərasimindən dərhal sonra verdiyi bir sıra sərəncamlarla Tramp bu gözləntilərin heç də əsassız olmadığını nümayiş etdirdi.
Bundan dərhal sonra diqqətlər bir daha onun seçki marafonunda verdiyi vədlərə və bəyanatlara yönəlib.
Məlumdur ki, Trampın seçki təbliğatı dövründə verdiyi bəyanatlarda ən çox diqqətçəkən məqamlardan biri də onun Birləşmiş Ştatların Avropadakı müttəfiqlərinin ümumi müdafiə büdcəsinə lazımi qədər vəsait ayırmamasından olan narazılığı ilə bağlı idi. Tramp bu narazılıq fonunda ölkəsinin hətta NATO-dan çıxa biləcəyi ilə bağlı siqnallar verməkdən də çəkinmirdi.
Rusiya-Ukrayna müharibəsinin fonunda özünü onsuz da kifayət qədər narahat hiss edən Avropa ölkələrinin bu açıqlamalara reaksiyası bəzi liderlərin Avropa İttifaqının öz müdafiə qüvvələrini yaratmasının zəruriliyi barədə bəyanatları ilə ifadə olunub.
Doğrudur, ideya heç də yeni deyildi və bundan əvvəlki müxtəlif zamanlarda da Avropa İttifaqının öz müdafiə qüvvələrinin yaradılması məsələsi müzakirə mövzusu olmuşdu. Lakin bu müzakirələrin heç biri Rusiya-Ukrayna müharibəsinin indiki qeyri-müəyyən nəticələri və köhnə nizamı pozmaqda qərarlı olan yeni Tramp hakimiyyətinin fonunda olduğu qədər aktual deyildi.
Ukrayna ilə müharibədən mümkün qalibiyyətlə ayrılacaq Rusiyanın bu münaqişədə ona qarşı cəbhə alan Avropa ölkələrini bağışlamayacağından əmin olan siyasi liderlər Trampın öz mövqeyindəki ciddiliyini anladıqca Avropa İttifaqının öz silahlı qüvvələrini yaratması ideyasından daha bərk yapışmağa başlayıblar. Hərçənd onlar da yaxşı anlayırlar ki, bu məsələnin həlli nəinki asan deyil, hətta mümkünsüzlüyə xeyli yaxın dərəcədə çətin bir işdir.
Ətraflı Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışında: