Dünya basketbolunun ən titullu oyunçularından biri, Yuqoslaviya millisinin tərkibində 1980-ci il Olimpiya çempionu Drajen Dalipagiç 73 yaşında vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) saytında məlumat verilib.
Dalipagiç uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, Basketbol Şöhrət Zalının üzvüdür. İdmançı Moskva Olimpiadası ilə yanaşı, 1978-ci il dünya çempionatında və üç dəfə Avropa çempionatında (1973, 1975, 1977) qızıl medal qazanıb.
Ümumilikdə Dalipagiç milli komanda ilə 12 medal qazanıb. O, 243 beynəlxalq oyunda 3 700 karyera xalı toplayaraq Yuqoslaviya millisinin ən yaxşı bombardiri olub.
Klub səviyyəsində Dalipagiç 1978 və 1979-cu illərdə Korats Kubokunu və “Partizan”la iki dəfə Yuqoslaviya çempionluğunu qazanıb. O, həmçinin “Udine”, “Verona”, “Venesiya”, “Srvena Zvezda” və “Real Madrid” klublarında çıxış edib.