Bakının Səbail rayonunda yerləşən Oqtay Daşdəmirov küçəsinin sakinləri uzun illərdir yolsuzluq problemindən əziyyət çəkirlər.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, küçədə vəziyyət acınacaqlı hal alıb. Xüsusən də yağıntılı havalarda küçədə nə piyada, nə də avtomobillə hərəkət etmək mümkün deyil.
Şikayətdə o da vurğulanır ki, məsələ ilə bağlı dəfələrlə müxtəlif qurumlara, o cümlədən yerli bələdiyyə və icra hakimiyyətinə müraciət ediblər.
“Hər dəfə vəd verilir ki, küçəyə tezliklə yeni asfalt örtüyü çəkiləcək və problem həll olunacaq. Lakin illər keçməsinə baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır. Hətta bələdiyyəyə bildirmişik ki, qonşular yığılaq müəyyən məbləğ kömək edək, təki bu küçəyə asfalt örtüyü çəkilsin, yenə baxan yoxdur”, – deyə şikayətdə bildirilib.
Səbail Rayon İcra Hakimiyyəti Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
“Son illər ərzində rayonunun müxtəlif ünvanlarında 70 km-dən artıq yolların asfalt örtüyü bərpa edilib. 2025-ci ildə də yolların asfalt örtüyü ilə təmin edilməsi işləri mərhələli şəkildə davam etdiriləcək. Müraciətdə qeyd olunan ünvan nəzarətə götürülüb”,- deyə qurumun məlumatında bildirilib.
Əzizə İsmayılova